Tramp: “İran rəhbərləri mənimlə əlaqə saxlasınlar. Onlarla ədalətli bir sazişə nail olmağa hazırıq”

Tramp: “İran rəhbərləri mənimlə əlaqə saxlasınlar. Onlarla ədalətli bir sazişə nail olmağa hazırıq”

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından və Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin bölgəyə göndərilməsindən danışıb.

 

Tramp bildirib ki, o, iki ölkə arasında olan ixtilafların həlli üçün, o cümlədən də nüvə məsələsində İran rəhbərləri ilə danışıqlar aparmağa tam hazırdır: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində hər həftənin sonu etirazlar və üsyanlar baş verir. Bəzən həftənin bütün günlərində də bu baş verir.

 

Hesab edirəm ki, İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Biz ədalətli bir sazişə nail ola bilərik. Bizim istədiyimiz yalnız odur ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz İrana xəsarət yetirmək istəmirik. Biz onlara (İrana) yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. Mənim istəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Hesab edirəm ki, onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq.

 

Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi ilə bombardmançı təyyatələrin regiona göndərilməsi məsələsinə və bunun səbəbinə gəlincə, bizdə bəzi informasiyalar var ki, deyiləsi deyil. İranlılar böyük bir təhdid olduqlarını artıq sübuta yetiriblər. Bölgədə Amerika ilə İran qüvvələri arasında hər hansı bir hərbi qarşıdurmanın yaranma təhlükəsi barədə suala gəlincə isə, deyə bilərəm ki, belə bir təhlükə həmişə var. Lakin ümid edirəm ki, bu baş verməsin. Regionda bizim güclü bir hərbi gəmimiz var. Bu, dünyanın ən güclü və tam silahlı hərbi gəmilərindən biridir. Lakin biz İrana qarşı hansısa bir addım atmaq məcburiyyəti qarşısında qalmaq istəmirik” –deyə Donald Tramp əlavə edib.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN