Tramp: “İrana qarşı yeni sanksiyaların detalları 48 saat ərzində elan ediləcək”

Tramp: “İrana qarşı yeni sanksiyaların detalları 48 saat ərzində elan ediləcək”

GünazTV: Sentyabrın 18-də Kaliforniya ştatının Los-Anceles şəhərinə səfər edən Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında hökumətinin İrana qarşı tətbiq etdiyi yeni və genişmiqyaslı sanksiyalardan danışıb.

 

ABŞ prezidentinin açıqlaması, onun həmin gün İrana qarşı sanksiyaların daha da gücləndirilməsi ilə bağlı Maliyyə Nazirliyinə qəti göstəriş verməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Tramp deyib ki, onun İranla bağlı siyasətində hər hansı bir dəyişiklik baş verməyib: “İrana qarşı yeni sanksiyaların detalları 48 saat ərzində elan ediləcək. Ötən şənbə günü Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı edilən hücumdam sonra qarşımızda müxtəlif seçim və variantlar var. Lakin müharibə son seçimimiz olacaq” –deyə ABŞ prezidenti Donald Tramp vurğulayıb.

 

Tramp, məsələ ilə bağlı atacağı növbəti addımlar və onların təfərrüatı barədə hər hansı bir məlumat verməkdən imtina edib.

 

Prezident Tramp sentyabrın 18-də Maliyyə Nazirliyinə İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qəti göstəriş verib.

 

Bunu öz “Twitter” səhifəsində bəyan edən Tramp yeni sanksiyaların hansı sahələri əhatə edəcəyilə bağlı təfərrüata toxunmayıb. Trampın bu qərarı Səudiyyə Krallığının neft təsisatlarına qarşı həyata keçirilmiş hücumlardan və ABŞ rəsmilərinin İranı bu hücumlarda əlinin olmasında ittiham etməsindən sonraya təsadüf edir.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN