Tramp: “Media orqanları İranda baş verən son etirazları işıqlandırsınlar. İranda vəziyyət son dərəcə dəhşətlidir”

Tramp: “Media orqanları İranda baş verən son etirazları işıqlandırsınlar. İranda vəziyyət son dərəcə dəhşətlidir”

GünazTV: ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Ağ Evdə BMT diplomatları ilə keçirdiyi görüşdə İranda baş verən son etirazlarda molla rejiminin dinc əhaliyə qarşı tərətdiyi faciəli qətliamdan danışıb.

 

İranda dinc etirazçılara qarşı törədilən qırğınları “vəhşilik” adlandıran Tramp deyib ki, media orqanları və jurnalistlər islam respublikasında yaşanan dəhşətli olayları işıqlandırıb ifşa etməli, baş verən faciəni dünya ictimaiyyətinə çatdırmalıdırlar: “İran rejimi etirazçıları qətlə yetirir, interneti də kəsir ki, millətin ölkədə baş verənlərdən xəbəri olmasın. Hesab edirəm ki, media orqanları işə qarışmalı, gedib orada (İranda) nə baş verdiyini öyrənib yaymalıdırlar. Çünki İranda durum yaxşı deyil. Vəziyyət son dərəcə dəhşətlidir.

 

İran rejimi son həftələrdə dinc etirazlara qatılan bir çox insanı qətlə yetirib, vəhşi repressiyalara məruz qoyaraq minlərlə vətəndaşını həbsə salıb.

 

Bir daha bildirirəm ki, Amerika Birləşmiş Ştatları həmişə İran xalqının yanındadır və onların azadlıq uğrunda apardığı mübarizəsini dəstəkləyir. İran rejimi öz xalqı ilə düzgün davranmır, öz vətəndaşlarının pullarını silahlanmağa, terrorizmə dəstəyə və bu kimi işlərə sərf edir. Mövcud durumundan narazı olan İran xalqı da küçələrə axışaraq rejimin bu siyasətinə öz etirazını bildirir” –deyə, ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 500 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar. Axund xəstəxanaya yerləşdirilib.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN