Tramp, Novruz bayramı münasibətilə İran millətini təbrik edərək, rejimin və “Sepah”ın terrorizmə dəstəyini pisləyib

Tramp, Novruz bayramı münasibətilə İran millətini təbrik edərək, rejimin və “Sepah”ın terrorizmə dəstəyini pisləyib

GünAzTV: ABŞ prezidenti Donald Tramp İranda yeni ilin gəlişi və Novruz bayramı münasibətilə İran millətini təbrik edərək, rejimin və “Sepah”ın bölgədə terrorizmə dəstəyini kəskin pisləyib. İranda yeni günəş ili, Novruz bayramının ilk günündən başlanır.

 

Martın 19-da İran millətinə ünvanladığı təbrik mesajında Tramp bildirib ki, Amerika hökuməti iranlıların və onların ideyalarının yanında qalacaq: “Mən, dünyanın hər yerində ilk baharın gəlişini qeyd edən milyonlarla insana gözəl və mübarək bir Novruz şənliyi arzu edirəm. Novruzun İranda dərin kökü var. İran milləti min illərdir ki, öz iftixarlı mədəniyyəti və  müqaviməti ilə ən böyük çətinliklərə sinə gərərək ona qalib gəlib. Lakin bu gün, bu millət daha yeni bir problemlə, üzləşib. O da, millətinə yox, özlərinə qulluq edən hökmranlardır.

 

Bu gün İran millətinə qənim kəsilən “Sepah”, xalqa qarşı düşmən ordusu kimi çıxış edərək, bir tərəfdən ölkə əhalisini əzib tapdalayır, digər tərəfdən isə onların var-dövlətini oğurlayaraq, ölkə sərhədlərindən kənarda terrorizmə sərf edərək ona dəstək verirlər. “Sepah” 2012-ci ildən bu yana, İran millətinin 16 milyard dollar pulunu oğurlayaraq, Bəşər Əsəd rejiminə, eləcə də Suriya, İraq və Yəməndəki terrorçulara yardım edib. Halbuki iranlı ailələr, 10 il əvvəllə müqayisədə gündən-günə daha yoxsullaşırlar və hazırda iranlı gənclərin 30 faizi işsizlikdən əziyyət çəkirlər.

 

Bu gün, “Sepah” başçılarının səriştəsizliyi və onları bürümüş fəsad və korrupsiya, ölkədə ətraf mühitin məhvi ilə bağlı yaşanan böhranı daha da dərinləşdirib. “Sepah” şirkətlərinin bir-birinin ardınca düşünülməmiş şəkildə tikdirdiyi sədlər, ölkədə çayların və göllərin qurumasına gətirib çıxarır. Bu isə, iranlıların həyatını təhdid edən toz fırtınalarının baş verməsinə səbəb olur.

 

İran hökumətinin rəsmi siyasəti yalan üzərində qurulub. “Sepah”, senzuradan və təbliğat vasitələrindən istifadə edərək, rejimin İran millətinin sərvətini qarət etməsini və onlara qarşı repressiyalarını ört-basdır edir. İran milləti isə, rejimin repressiyalarına baxmayaraq, itirdiyi hüquqlarının yenidən bərpa olunması uğrunda mübarizə aparır. Onlar, ümid baharını gözləyirlər.

 

Amerika, İran millətini və onun daha böyük bir dünyaya inteqrasiya olunmasını dəstəkləyir. Biz, iranlıların ölkənin milli mənafeyinə qulluq edən, məsuliyyətli,  xalq qarşısında cavabdeh olan bir hakimiyyətə yiyələnməsi ilə bağlı ideyalarının yanında qalacağıq. Amerika xalqı adından Novruz bayramı münasibətilə bir daha iranlıları təbrik edir, hesab edirəm ki, yeni ildə nur zülmətə qalib gələcək. Ümid edirik ki, iranlılar sülh və sevinc içində yaşamaqdan zövq alacaqlar".

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN