Tramp: “Qasım Süleymani savaşın qarşısını almaq üçün öldürüldü”

 Tramp: “Qasım Süleymani savaşın qarşısını almaq üçün öldürüldü”

GünazTV: ABŞ prezidenti Donald Tramp yanvarın 3-də Florida ştatında jurnalistlərə açıqlamasında  “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.  

 

Tramp deyib ki, o regionda hər hansı bir yeni savaşın qarşısını almaq üçün Qasım Süleymaninin aradan götürülməsinə göstəriş verib: “Mənim Amerika prezidenti olaraq üzərimə düşən ən böyük və mühüm vəzifə, ölkəmizi qorumaq və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Məhz buna görə də, Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri ötən axşam mənim əmrimlə dəqiq bir əməliyyat keçirərək, dünyanın ən böyük terrorçusu olan Qasım Süleymanini hədəfə aldılar.

 

Süleymani vətəndaşlarımıza və Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələrinə qarşı cinayət xarakterli planlar hazırlamaqdaydı. Lakin biz vaxtında onu tələyə salıb məhv etdik. Mənim vətəndaşlarımıza xəsarət yetirmiş və ya ziyan vurmağa çalışan terrorçular qarşısında yürütdüyüm siyasət həmişə aydın və şəffaf olub. Mən üzümü terrorçulara tutub deyirəm, bilin ki, biz sizi harada olmağınızdan asılı olmayaraq, tapıb məhv edəcəyik. Biz həmişə olduğu kimi, diplomatlarımızı, hərbçilərimizi, vətəndaşlarımızı və müttəfiqlərimizi qoruyacaq, onların təhlükəsizliyini təmin edəcəyik. 

 

İran İnqilab Keşikçilər Korpusu Sepah” və onun “Qüds” briqadasına başçılıq etmiş rəhimsiz Qasım Süleymani bu günə qədər yüzlərlə Amerika hərbçisini və mülki vətəndaşlarımızı hədəfə alıb, öldürüb və ya xəsarət yetirib. İraqda isə bir amerikalının ölümü və 4-ünün yaralanması ilə nəticələnən hücumlar da Qasım Süleymaninin rəhbərliyi ilə gerçəkləşdirilib. Günahsız insanların ölümündən zövq alan Süleymani hətta London və Yeni Dehli kimi uzaq yerlərdə belə həyata keçirilən terror planlarının hazırlanmasında iştirak etmişdi. Biz bu gün Süleymaninin sonsuz cinayətlərinin qurbanı olmuş insanların xatirəsini qeyd edir, dəhşət və qorxunun hökm sürdüyü dövrün artıq başa çatmasından özümüzü daha təhlükəsiz hiss edirik.

 

Son 20 ildə, Qasım Süleymani Orta Şərqin sabitliyini pozmaq məqsədilə dəhşətli terror aktları törədib. Amerika Birləşmiş Ştatlarının dünən gördüyü iş çoxdan olmalı idi. Çünki çoxlu insan həyatını ölümdən qurtarmaq olardı. Bizim dünən axşam gerçəkləşdirdiyimiz əməliyyat əslində müharibəyə başlamaq üçün yox, savaşın qarşısını almaq üçündür. Mənim İran xalqına dərin hörmətim var. Biz, İrandakı hakim rejimi dəyişmək niyyətində deyilik. Lakin hesab edirik ki, İran rejiminin bölgədə apardığı təcavüzkar siyasəti dayandırılmalı, İranın öz qonşularının sabitliyini pozmaq üçün təmsilçi qüvvələrdən istifadə etməsinə son qoyulmalıdır. Gələcək öz insanlarının sərvətini talayıb xarici ölkələrdə qan tökülməsinə sərf edən terror başçılarına yox, İran xalqına məxsdur” –deyə, ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

 

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu ABŞ-ın hava hücumunda məhv edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN