Tramp və Ərdoğan Xaşuqcinin qətlini müzakirə edib

Tramp və Ərdoğan Xaşuqcinin qətlini müzakirə edib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli dissident jurnalist Camal Xaşuqcinin keçən ay qətlinə necə cavab verilməsi məsələsini müzakirə ediblər. Bu haqda məlumatı Ağ Ev rəsmisi verib.

 

Tramp və Ərdoğan Parisdə Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə Fransa prezidenti Emmanuel Makronun təşkil etdiyi şam yeməyi zamanı görüşüblər. Dünya ölkələrinin dövlət başçılarının dəvət edildiyi şam yeməyi zamanı Ərdoğan və Tramp masa ətrafında yanaşı oturublar.

 

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan Camal Xaşuqci oktyabrın 2-də Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlə yetirilib. Türkiyə qətlin əvvəlcədən planlaşdırıldığını bildirib. Səudiyyə Ərəbistanı rəsmiləri qətlin planlaşdırıldığını etiraf ediblər, lakin jurnalistin cəsədi indiyə qədər tapılmayıb.

 

Camal Xaşuqcini sonuncu dəfə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olarkən görüblər. Türkiyə qətlə yetirildikdən sonra Xaşuqcinin cəsədinin hissələrə parçalandığını və turşuda əridilərək həll edildiyini bildirib.

 

Ərdoğan şənbə günü Caman Xaşuqcinin qətlinin səs yazısının ABŞ, Britaniya, Fransa və Almaniya hökumətləri ilə paylaşıldığını bildirib. O əlavə edib ki, qətlə Səudiyyə Ərəbistanı hökumətində “ən yüksək səviyyədə” göstəriş verilib.

 

Tramp noyabrın 7-də verdiyi açıqlamada Xaşuqcinin qətli ilə bağlı “daha güclü cavab” veriləcəyini bildirib. O, qətlə görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün Konqres, Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə iş aparıldığını əlavə edib. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN