Tramp: “Zəriflə görüş üçün hələ tezdir”

Tramp: “Zəriflə görüş üçün hələ tezdir”

GünazTV: G-7 qrupuna üzv ölkə başçılarının Fransanın Biarritz şəhərində keçirilən toplantısına qatılan ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin bu səfərə razılaşdırılmış səfərindən danışıb.

 

Zərifin toplantı zamanı Biarritz şəhərinə gözlənilməyən səfərinə toxunan Tramp deyib ki, onun İranın xarici işlər nazirinin bu şəhərə səfərindən xəbəri olub: “Mənim bundan xəbərim var idi. Prezident Makron əvvəlcədən bu barədə mənə xəbər vermiş, bunun üçün razılığımı almışdı. Mənim cənab Makronun bu barədə gördüyü bütün işlərdən xəbərim var idi. Mən onun Zərifin bu haqda gördüyü işlərə razılıq vermişdim. Lakin Zəriflə görüşə gəlincə, hesab edirəm ki, bunun üçün hələ tezdir.

 

Bizim İranla bağlı mövqeyimizə gəlincə deyə bilərəm ki, biz İran İslam Respublikası rejimini dəyişmək niyyətində deyilik. Mən həqiqətən də normal və güclü bir İranın olmasını istəyirəm. İranın həqiqətən də özünü yenidən qurmağa və güclü bir ölkəyə çevrilməyə şansı var. Lakin bunun üçün əvvəlcə terrorçuluqdan və terrorizmə dəstəkdən əl çəkməlidir.

 

Hazırda iranlıların yaşamağa vadar edildiyi şərait qəbuledilməzdir. İran rejimi isə ağır maliyyə təzyiqi altındadır. Bunların aradan qaldırılması isə İran rejiminin rəftarını dəyişməsindən asılıdır” –deyə Amerika prezidenti Donald Tramp əlavə edib.  

 

Qeyd edək ki, iki gün əvvəl İranın xarici işlər naziri Fransanın Biarritz şəhərinə səfər edib. Zərifin G-7 toplantısı keçirildiyi bir vaxtda bu şəhərə səfəri Fransa prezidenti Emmanuel Makronla razılaşdırılıb.

 

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif

 

Yayılan bəzi məlumatlara əsasən, Zərif Fransa prezidentini vasitəçi salaraq ABŞ prezidenti ilə 15 dəqiqəlik görüş istəsə də, Tramp Zərifin bu xahişini rədd edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN