Türkiyə İranda sel və daşqından ziyan çəkənlərə yardım etməyə hazır olduğunu bildirib

Türkiyə İranda sel və daşqından ziyan çəkənlərə yardım etməyə hazır olduğunu bildirib

GünazTV: Türkiyə son günlər İranın müxtəlif şəhər və bölgələrində sel və daşqından ziyan çəkənlərə yardım etməyə hazır olduğunu bildirib.

 

Türkiyənin Tehrandakı səfirliyi martın 25-də özünün “Twitter” səhifəsində paylaşdığı bir yazıda, İranda təbii fəlakətdən ölən və ya ziyan çəkənlərin ailələri ilə həmdərd və həmrəy olduğunu bildirərək, onlara humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

 

Türkiyə səfirliyinin “Twitter” səhifəsində paylaşdığı yazıda deyilir: “Bir neçə gündür İranın şimalında baş verən və hazırda da davam edən sel və daşqının ardınca, bu gün (25 mart) Şirazda sel nəticəsində çoxlu iranlı bacı-qardaşlarımız öz həyatlarını itiriblər. Biz, təbii fəlakətdə ölənlərə Allahdan rəhmət diləyir, yaralananların isə tez bir zamanda sağalmasını arzu edərək bildiririk ki, Türkiyə Cümhuriyyəti təbii fəlakətdən ziyan çəkənlərə hər cürə yardım göstərməyə hazırdır”- deyə “Twitter” yazısında bildirilir.

 

Qeyd edək ki, son günlər İranın 25 əyaləti sel və daşqın təhlükəsi ilə üz-üzə qalıb. Təbbi fəlakətdən ən çox ziyan çəkən əyalətlər isə, Mazandaran və Türkmənsəhra (Gülüstan) əyalətləri, eləcə də Şiraz şəhəri olub. Təbii fəlakət nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə insan yaralanıb, yüzlərlə şəhər və kəndi su basaraq, çoxlu maddi ziyana səbəb olub.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN