Türkiyə Qətərə qoşun və…yumurta göndərir

Türkiyə Qətərə qoşun və…yumurta göndərir

GünAz TV: "Financial Times" yazır ki, Ankara Qətərə tez bir zamanda daha çox əsgəri qüvvə göndərmək planı ilə Körfəzdə yaşanan bu böhranda Dohanın arxasında dayandığını nümayiş etdirib.

 

Məqalədə deyilir ki, bu qərar Ankara və Riyad arasında qarşıdurma yaradacaq, belə ki Səudiyyə və onunla həmrəy olan ərəb Körfəz ölkələri Qətəri təcrid etmək məqsədilə onun blokadasına başlamışdılar.

 

Səudiyyə və Körfəz dövlətləri Qətəri Yaxın Şərqdəki ekstremist qrupları dəstəkləməkdə və İrana münasibətdə yumşaq mövqe tutmaqda ittiham ediblər.

 

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Dohanın üzərinə sanksiyaların qoyulması yanlış addımdır, çünki bu ölkə terrora qarşı effektiv mübarizə aparır.

 

Türkiyə parlamenti Türkiyə qoşunlarının Qətər torpağında yerləşdirilməsinə icazə verən qərar qəbul edib.

 

Bu arada Türkiyə rəsmiləri bildirirlər ki, onların ölkəsi bu mübahisədə tərəfsiz olmağa çalışır.

 

Vəzifəli Türkiyə rəsmilərindən biri FT-yə bildirdib ki, "biz Səudiyyə və Qətər arasında dostluğun olduğunu bilirik və onların ikisindən kiminsə tərəfini saxlamaq istəmirik".

 

"Amma Türkiyə Qətərin əzişdirilməsinə yol verməyəcək" - deyə əlavə edib həmin rəsmi.

 

Qətərə qarşı demarşlar Körfəz ölkələri arasında 1990-cı ildə İraqın Küveytə müdaxiləsindən bəri ən böyük qarşıdurmaya səbəb olub.

 

Bu arada həm də İran rəsmiləri Tehranda törədilmiş və 12 nəfərin həyatına son qoymuş terror hücumuna görə Səudiyyə Ərəbistanını ittiham edib.

 

Eyni zamanda Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Trump-ın böhrana münasibəti dəyişib. O bu qarşıdurma başlananda Səudiyyə Ərəbistanının tərəfini tutmuşdu. Lakin indi Trump Qətər əmiri Təmim bin Həmədi mübahisəni Körfəz ölkələri ilə birlikdə danışıqlar yolu ilə çözməyə çağırıb. Trump deyib ki, lazım gələrsə, tərəflər arasında fərqlərin aradan qaldırılması üçün Ağ Evdə görüş keçirilə bilər.

 

Qətər rəsmiləri ölkənin, altı üzvü olan Körfəz Əməkdaşlıq Şurasından çıxacağı ilə hədələyib. Bəziləri Dohanın islampərəst Ankara ilə yaxınlaşmağa can atdığını söyləyirlər. Qətər İranla da yaxın münasibətlər saxlamağa çalışır.

 

Washington Universitetinin Yaxın Şərq üzrə eksperti Mərvə Məzyəd deyib ki, bu qarşıdurmadan çıxmaq üçün ya Qətər güzəştlərə getməli olacaq, ya da qarşıdurma güclənəcək.

 

Lakin mütəxəssis bunu da qeyd edir ki, yaranmış vəziyyət Qətəri İrana daha da yaxınlaşdıra bilər. Bu isə Səudiyyə ilə gərginliyin daha da güclənməsi deməkdir.

 

"Financial Times" yazır ki, 2014-cü ildə İran və Türkiyə Qətərdə 3 min əsgəri qüvvəlik baza tikmək barədə razılaşma əldə etmişdilər. 2015-ci ildən 150 Türkiyə hərbçisi Qətərdə yerləşdirilib.

 

Türkiyə diplomatları bildirirlər ki, ABŞ hərbi bazasının da yerləşdiyi Qətərdəki türk kontingentinə əlavə kiçik ola bilər. Burada söhbət bir neçə yüz əsgərdən gedir.

 

Diplomatlardan biri FT-yə deyib: "Allah eləməmiş orda bir şey baş versə, bu, nəyisə dəyişəcəkmi? Yox. Özünüz fikirləşin, Qətərdə 10 min Amerika əsgəri var. Bu o deməkdirmi ki, amerikalılar Qətərin tərəfindədirlər? Yox".

 

Lakin bütün hallarda Türkiyə qoşunlarının göndərilməsi regional qüvvələr balansını dəyişə bilər.

 

İran və Türkiyə artıq bəyan ediblər ki, çətin məqamda Dohanın yanında olacaqlar. Səudiyyə Qətərlə sərhədlərini bağlayandan bəri Dohanın supermarketlərində Türkiyə yumurtaları peyda olub.

 

Ərəb yarımadasında Soyuq müharibə atmosferinin yarandığı bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri elan ediblər ki, Qətərə rəğbət ifadə edən hər hansı bir şəxsi 15 il müddətinə həbsxana cəzası gözləyə bilər.

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əksərən xaricdə olan müxalifəti sosial mediada Qətərə dəstək verdiyini bildirir.

 

Bu arada məkik diplomatiyası ilə məşğul olan Küveyt əmiri şeyx Səbah əs-Səbah Dubaya baş çəkdikdən sonra Dohaya gəlib.

 

BƏƏ-dən olan şərhçi Sultan əl-Qassemi deyib ki, Doha ilə birbaşa danışıqlara başlamazdan əvvəl Körfəz ölkələri Qətərdən əl-Cəzirə televiziya şəbəkəsinin, habelə Riyad və Abu Dabini qıcıqlandıran digər xəbər agentliklərinin bağlanmasını tələb edəcəklər.

 

Qətərdən habelə buradakı Müsəlman Qardaşları təşkilatının və Həməs liderlərinin ölkədən çıxarılması istənəcək.

 

Qətərə yaxın müşahidəçilərindən biri bildirib ki, böyük bir ehtimalla Qətər sözü gedən media qurumlarının tonunu aşağı salacaq, bəzi qrupları Dohadan qovacaq və ekstremizmin maliyyələşdirilməsi ilə daha sərt davranacaq.

 

Lakin eyni mənbə bildirib ki, Doha tərəfindən güzəştlərin də hüdudu var və həddindən artıq güzəştə gedilməsi Qətər əmiri hakimiyyətinin legitimliyinə kölgə sala bilər.

 

Gərginlik artdıqca Dohada Səudiyyə tərəfindən dəstəklənən hər hansı bir çevrilişlə əmirin devrilməsinə cəhd edilə biləcəyindən narahatlıqlar da artır.

 

FT yazır ki, əksər qətərlilər bu mübahisənin tezliklə çözülməsini istəsələr də, bunun baş verməyəcəyindən qorxurlar (BBC).

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN