Türkiyədə İrana verilişlər yayan “GemTV”nin rəhbəri silahlı hücumda qətlə yetirilib

Türkiyədə İrana verilişlər yayan “GemTV”nin rəhbəri silahlı hücumda qətlə yetirilib

GünAzTV: Türkiyədə İrana əyləncəli verilişlər yayan məşhur “GemTV”nin (Gem televiziyalar şəbəkəsinin) 47 yaşlı rəhbəri Səid Kərimiyan və onun küveytli şəriki Məhəmməd Mətəb Şəlahi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

 

Hadisə, aprelin 29-u axşam saat 21 radələrində İstanbulun Avropa hissəsindəki Sarıyer məntəqəsində baş verib. İş yerindən çıxıb küveytli şəriki ilə avtomobilinə minən Səid Kərimiyan az məsafə hərəkət etdikdən sonra, Cip markalı avtomobili idarə edən maskalı naməlum şəxslər onun maşınının qabağını kəsərək odlu silahlardan atəşə tutublar. Atəş nəticəsində 27 güllə yarası alan Səid Kərimiyan yerindəcə həlak olub, 3 güllə yarası alan məşhur küveytli tacir və xeyriyyəçi Məhəmməd Mətəb Şəlahi isə xəstəxanaya çatdırıldıqdan sonra keçinib.

 

Hadisə yerindən dərhal uzaqlaşan hücumçular, İstanbulun Kəmərburğaz məntəqəsində hər hansı bir izi aradan aparmaq üçün, mindikləri Cipi tamamilə yandırdıqdan sonra qaçıblar. Türkiyə mediasının yaydığı məlumata görə hadisə yerinə cəlb edilən İstanbul polisi olayı araşdıraraq hücumçuların axtarışı üçün geniş əməliyyata başlayıb.

 

Terror olayından az sonra BBC-yə açıqlama verən Səid Kərimiyanın ailə üzvləri, onun son aylar bir neçə dəfə İran rejimi tərəfindən təhdid edildiyini və hətta Tehran inqilab məhkəməsinin onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq qiyabi olaraq həbsə məhkum etdiyini bildiriblər.

 

2006-cı ildən İstanbulda fəaliyyətə başlayan “GemTV” kanalı iranlı tamaşaçılar üçün əsasən qeyri-siyasi verilişlər yayır. Telekanalda, şou-biznes verilişləri, o cümlədən də fars dilinə dublyaj edilmiş Türk və Amerika serialları yayılır. Telekanal, son illər İranda qeyri-siyasi verilişlərin tərəfdarı olan əhalinin, o cümlədən də qadınların rəğbətini cəlb etdiyinə görə dəfələrlə İranın hökumət saytlarında tənqid atəşinə tutulmuşdu. Həmçinin son illər İranda müxtəlif məhdudiyyətlərlə üz-üzə qalan onlarla iranlı aktyor və aktrisa Türkiyəyə mühacirət edərək həmin telekanalla əməkdaşlığa başlamışdı. Bu isə onların tez-tez İran hökuməti tərəfindən təhdid edilməsinə gətirib çıxarmışdı.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN