Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub

Türkiyədə prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub

GünAz TV: Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin  nəticələri məlum olub.

 

APA-nın məlumatına görə, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayiib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

 

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıblar.

 

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsul-idarəsinə keçib.

 

Parlament mandatı  uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı”  53,6% səslə  qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı  seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

 

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın   (10.07-45 mandat)  qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN