Ümumdünya Səhiyyə Təşkilatı: “İranda koronavirusun yayılması ciddi nigaranlıq doğurub”

Ümumdünya Səhiyyə Təşkilatı: “İranda koronavirusun yayılması ciddi nigaranlıq doğurub”

GünazTV: Ümumdunya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom fevralın 21-də Cenevrədə jurnalistlərə açıqlamasında İranda koronavirusun yayılmasının dünya birliyinin nigaranlığına səbəb olmasından danışıb.

 

O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun nəzarətdə saxlanması üçün İran rəsmiləri ilə təmaslarını gücləndirib: “Dünyanın digər yerlərində aşkarlanan bu virusa yoluxma halları az olsa da, onun Çin və Vuhan şəhəri ilə əlaqəsi yoxdur. Bu isə nigaranlığı artırır. Daha doğrusu, virusa yoluxma hallarının pərakəndəliyi dünya birliyinin narahatlığına səbəb olub.

 

Virusun sürətlə İranda yayılmasına gəlincə, bu bizdə ciddi nigaranlıq doğurub. Ümumdünya Səhiyyə Təşkilatı virusa yoluxma nümunələri barədə İran rəsmilərindən müəyyən məlumatlar alıb. Lakin bütün bunlara baxmayaraq, düşünürəm ki, biz İranla təmaslarımızı artırmalıyıq.

 

Hesab edirəm ki, bu epidemiyanı kontrolda saxlamaq imkanı mövcuddur. Lakin gün keçdikcə bu imkanlar azalır. Virusun yayılmasının qarşısını almaq üçün hələ də fürsət var. Baxmayaraq ki, bu fürsət də ketdikcə zəifləyir. Məhz buna görə də, hesab edirəm ki, virusu kontrola almaq üçün dərhal tədbir görməliyik. Çünki bu virus hər yerdə sürətlə yayıla bilər” -deyə, Ümumdunya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom jurnalistlərə verdiyi açıqlamasında bəyan edib.

 

 Xatırladaq ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 21-də “Twitter”də yaydığı bir məlumatda, ölkəndə koronavirusdan ölənlərin sayının 4, virusa yoluxanların sayının isə 17 nəfərə çatdığından xəbər verib: “ Bundan başqa, 735 nəfərdən çox insan da qripə tutulma simptomları ilə xəstəxanalara yerləşdirilərək həkim nəzarətinə alınıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

 Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 4 və ona yoluxanların 18 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr bu rəqəmin qat-qar çox olduğunu və hökumətin xalq etirazından vahimələnərək, ölkədə baş vermiş faciəni ört-basdır etməyə çalışdığını bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN