Uzun müddətdən sonra Həmas üzvləri yenə İrana səfər ediblər

Uzun müddətdən sonra Həmas üzvləri yenə İrana səfər ediblər

GünAz TV: İranla Həmas arasında uzun müddətdi sürən soyuq münasibətlərdən sonra təşkilatın başçılarından ibarət nümayəndə heyəti Tehrana səfər edib.

 

Həmasın siyasi qolunun rəhbəri İsmayıl Həniyənin müavini Saleh Əl-Ərurinin başçılığı ilə iyulun 20-də İrana baş tutan səfəri təşkilatın media qurumları “çox mühüm” qələmə verirlər.

 

İranla soyuq münasibətlərdən başqa, təqribən 8 ildir ki, Həmas rəsmi Tehranın ən yaxın müttəfiqlərindən olan Bəşər Əsəd rejimi ilə bütün əlaqələrini kəsib.

 

Həmasın hərbi qolunun qurucularından biri olan Saleh Əl-Ərurini bu səfərdə Musa Əl-Mərzuq, Hisam Bədran, Mahir Səlah və təşkilatın digər rəhbər şəxsləri müşayiət edirlər.

 

Saleh Əl-Əruri terrorçuluq fəaliyyətlərinə görə, 2007-ci ilə qədər 15 il İsraildə məhkumluq həyatı yaşayıb. O, azadlığa çıxdıqdan sonra yenidən Həmasdakı terror fəaliyyətlərinə geri dönmək, eləcə də İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyat keçirməsinə səbəb olan 3 sivil yeniyetmə İsrail vətəndaşını oğurladığını və öldürdüyünü etiraf etdiyinə görə, rəsmi Tel-Əvivin qara siyahıya saldığı terroristlərdən biridir.

 

Səfər zamanı Həmas rəhbərləri İranın Strateji Xarici Siyasət Şurasının sədri Kamal Xəzzazi də daxil olmaqla, bir neçə yüksək rəsmisi ilə görüşlər keçiriblər. Aparılan müzakirələrin əsas istiqamətlərindən biri Tramp administrasiyasının İsrail-Fələstin müharibəsinə son vermək üçün irəli sürdüyü “əsrin müqaviləsi” təklifi olub.

 

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi başlayandan sonra Həmas İranın Əsəd rejimini qorumaq üçün bu müharibəyə qatılmaqla bağlı çağırışlarına müsbət cavab verməmişdi. Bu isə qruplaşma ilə Tehran və Dəməşq arasında soyuqluğun yaranmasına səbəb olmuşdu. Hətta təşkilatın o vaxtki rəhbəri Xalid Məşəl İrana mesaj vermək üçün Səudiyyə Ərəbistanına səfər etmişdi.

 

2017-ci ildə, Həmasın liderinin İsmayıl Həniyə seçilməsi və təşkilat daxilində digər dəyişikliklərin baş verməsiylə eyni zamanda “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın rəhbəri Qasım Süleymaninin təşkilat rəhbərlərinə mesajlarından sonra iki tərəf arasında müəyyən qədər yaxınlaşmalar hiss edilir.

 

Hazırda isə Əsəd rejiminin Həması hələlik “bağışlamamasına” baxmayaraq, Tehranla qruplaşma arasında münasibətlər yenidən isinməkdədir. Belə ki, ramazan ayı ərzində hər gün İranın Qəzza zolağında 20 min nəfərlik iftar süfrələri təşkil etməsindən tutmuş, İsrail həbsxanalarında azad edilən fələstinlilərə ev tikib, pulsuz paylamasına qədər olan proseslər bunu göstərir.

 

Hətta cari ilin “Qüds günü”ndə İranın Qəzza zolağında ölənlərin ailələrinə 651 min dollar pul payladığı barədə məlumatlar yayılmışdı.

 

Digər tərəfdən, Suriya münaqişəsindən sonrakı bir neçə ili nəzərə almasaq, İran uzun müddətdir ki, Həmas təşkilatına hərbi və maddi yardımlar göstərir. Rəsmi Tehran təşkilata hər il milyardlarla dollar pul və hərbi-texniki vasitələr göndərir. Həmas liderlərinin etiraflarına görə, təşkilatın İsrailə doğru atdığı raketlərin hər birini onlara İran bağışlayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN