Vinni Şefer: “İranda heç kimi görmədim rejimin tərəfdarı olsun”

Vinni Şefer: “İranda heç kimi görmədim rejimin tərəfdarı olsun”

GünazTV: Tehranın “İstiqlal” futbol komandasının keçmiş məşqçisi Vinni Şefer (Winni Schaefer) Almaniyanın “TOnline” saytına müsahibəsində İranda yaşadığı iki illik təcrübə və təəssüratlarından danışıb.

 

İran cəmiyyətində dəhşət və boğucu mühitin hökm sürdüyünü bildirən Şefer deyib ki, o İranda yaşadığı illərdə cəmiyyətin müxtəlif təbəqə və zümrəsindən olan hər cürə insanla ünsiyyətdə olsa da, mövcud durumdan razı olan bircə nəfərə belə rast gəlməyib: “Mən İranda olduğum müddətdə heç kimi görmədim ki, rejimin tərəfdarı olsun. İnsanlar qorxu içindədirlər.

 

Bəlkə də İrandan kənarda yaşyanlar üçün bunu təsəvvür etmək çətin görünə bilər. Lakin mən İranda olduğum bu iki ildə universitet müəllimi və tələbələrdən tutmuş, bazar camaatına qədər, futbolçulardan tutmuş taksi sürücülərinə qədər və hətta bəzən nazirlər arasında elə bir adama rəst gəlmədim ki, rejimin tərəfdarı olsun. Hər yerdə qorxu hakimdir və insanlar qorxurlar.

 

Futbola gəldikdə, bəzi klublar hansısa etniki və ya siyasi məsələni təmsil edirlər. Misal üçün bir sıra “Tiraxtur” tərəfdarlarında istiqlalçılıq əhval-ruhiyyəsi var. Keçmişdən də İranda ictimai yerlərdə futbol siyasi etiraz bildirmək üçün yeganə imkan olub. Həm hökumət, həm də futbol tərəfdarları reallıqdan baş verənlərdən xəbərdardırlar. Rejim isə insanların dinc etirazından çox qorxur.

 

İranda “Mavi qız” adı ilə tanınan futbol həvəskarı Səhər Xudayarinin həbs edildiyi, sonradan isə özünü yandırdığı vaxtda mən Tehranda idim. İranda zindanlarda nələr baş verdiyindən hamının xəbəri var. Mən FİFA-nın bu məsələdən məlumatsız olduğunu qəbul edə bilmirəm. FİFA-nın Səhər Xudayarinin özünü yandırmasından sonra “İnstaqram”da başlanan böyük kütləvi etirazdan sonra ayılması ümidsizliyə səbəb olur.

 

Hesab edirəm ki, FİFA bu hadisə baş verməzdən əvvəl məsələyə qarışmalı, qadınların stadionlara buraxılmamasına etiraz bildirməli idi” -deyə Tehranın “İstiqlal” futbol komandasının keçmiş məşqçisi Vinni Şefer əlavə edib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN