Xamneyi: “Amerika ilə müharibə olmayacaq”

Xamneyi: “Amerika ilə müharibə olmayacaq”

GünazTV: İranın dini lideri Əli Xamneyi mayın 14-də ölkə rəsmiləri ilə görüşündə çıxış edərək, İranla Amerika arasında şiddətlənən çaxnaşmadan və iki ölkə arasında nüvə və raket məsələsi barədə yenidən müzakirə aparılmasının mümkünsüzlüyündən danışıb.

 

Öz çıxışında bölgədə yaşanan gərginliyə toxunan Xamneyi, nüvə mövzusu ilə bağlı Amerika ilə hər hansı bir müzakirə aparmayacaqlarını bildirib: “Amerika ilə müharibə olmayacaq. Biz Amerika ilə müzakirə də aparmayacağıq. İran millətinin qəti seçimi, Amerikaya müqavimət göstərməkdir. Hesab edirəm ki, bu qarşıdurmada İran xalqının müqaviməti Amerikanı geri çəkilməyə vadar edəcək.

 

Bizim Amerika ilə üz-üzə durmağımız hərbi xarakter daşımır. Nə biz savaşın tərəfdarıyıq, nə də onlar. Çünki amerikalılar yaxşı bilirlər ki, müharibə onların xeyrinə deyil. Biz, Amerika ilə nüvə və raket məsələsində müzakirə də aparmayacağıq. Bu gün ölkə daxilində bəziləri soruşurlar ki, Amerika ilə müzakirə aparmağın nə eybi var ki. Mən isə deyirəm ki, Amerika ilə hər hansı bir müzakirə zəhər deməkdir. Xüsusilə də, Amerikanın indiki hökuməti ilə müzakirə aparmaq ikiqat zəhərdir.

 

Amerhikalılar deyirlər ki, gəlin sizin (İranın) özününüzü müdafiə etmək üçün istehsal etdiyiniz silahlar barədə müzakirə aparaq. Soruşurlar ki, nəyə görə uzaqmənzilli raketlər istehsal edirik. Bizə deyirlər ki, raketlərimiz qısamənzilli olmalıdır ki, onlar hərbi mərkəzlərimizi vuranda biz onlara cavab atəşi qaytara bilməyək. Bu gün İranın apardığı raket proqramı və onun bölgədə yürütdüyü strateji siyasəti, islam respublikasının güclü tərəflərindən biridir. Elə buna görə də, güman etmirəm ki, ağlı və şüuru olan hər hansı bir qeyrətli iranlı özünün bu güclü imkanları barədə sövdələşmə aparmağa razı olsun.  

 

Ümumiyyətlə Amerika ilə hər hansı bir məsələ barədə müzakirə aparmaq səhv addımdır. Xüsusən də ki, onlar (Amerika rəsmiləri) düzgün insanlar da deyillər. Çünki danışdıqları sözün üstündə durmur, üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmırlar” –deyə Xamneyi əlavə edib.

 

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İran rəhbərlərinə onunla əlaqə saxlamaq üçün telefon nömrəsi vermişdi. Ağ Ev, İran rəhbərlərinin Trampla əlaqə saxlamaq üçün telefon nömrəsini Amerikanın İrandakı mənafeyini qoruyan İsveçrə səfirliyinin ixtiyarına qoyulmuşdu.

 

ABŞ prezidenti Donald Tramp

 

Tramp həmçinin mayın 9-da jurnalistlərə açıqlamasında İran rəhbərləri ilə üz-üzə oturub danışıqlar aparmağa hazır olmasından danışmışdı: “Mən nüvə sazişindən çıxandan sonra iranlıların iqtisadiyyatı çox bərbad günə düşüb. Eşitdiyimə görə, İranda inflyasiya səviyyəsi çox yüksəkdir. Ölkənin müxtəlif bölgələrində isə hər həftənin sonu etirazlar və üsyanlar baş verir. İran rəhbərlərinin  görməli olduğu yeganə iş odur ki, mənimlə əlaqə saxlasınlar, bir-birimizlə oturub danışıqlar aparaq. Biz ədalətli bir sazişə nail ola bilərik.

 

Biz istəyirik ki, onların nüvə silahı olmasın. Bu isə böyük bir tələb deyil. Biz, İrana xəsarət yetirmək istəmirik. Biz onlara yardım etmək istəyirik ki, normal duruma qayıda bilsinlər. İstəyim odur ki, iranlılar güclü və əzəmətli olsunlar və onların güclü iqtisadiyyatı olsun. Onlar mənimlə əlaqə saxlamalıdırlar. Onlar bunu etsələr, biz onlarla danışıqlar aparmağa hazırıq”- deyə Tramp vurğulamışdı.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN