Xamneyi: “Amerikalılar bu xəbis əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər”

Xamneyi: “Amerikalılar bu xəbis əməlləri ilə heç nəyə nail ola bilməyəcəklər”

GünazTV: İranın dini lideri Əli Xamneyi aprelin 9-da “Sepah”çılarla görüşərək, Amerikanın bu qurumu terrorçu təşkilatlar siyahısına daxil etməsinə kəskin reaksiya verib.

 

Öz çıxışında Amerikanın indiki rəhbərlərinə qarşı təhqiredici sözlər işlədən və onları “axmaq”, “xəbis” və "fırıldaqçı" adlandıran Xamneyi, deyib ki, Tramp hökumətinin İran İslam Respublikasına qarşı cızdığı planlar baş tutmayacaq: “Amerikalılar öz xəyallarında “Sepah”a, bizim inqilaba və İran İslam Respublikasına qarşı plan cızırlar. Lakin onlar bu xəbis əməlləri ilə heç nəyə nail olmayacaqlar və onların fırıldaqlarının özlərinə qayıtması ilə demək olar ki, hazırda islam respublikasının Tramp kimi düşmənləri və Amerikaya hakim sistemin ətrafında olan digər axmaqlar zillətə doğru hərəkət edirlər.

 

Amerikalılar qırx ildir ki, İran millətinə qarşı hərtərəfli təbliğat apararaq, ölkəmizə siyasi və iqtisadi təzyiq göstərirlər. Lakin bütün bu təzyiqlərə baxmayaraq, onlar hətta islam respublikası yenicə bərqərar olduğu vaxtlarda da heç bir qələt edə bilmədilər” –deyə axund Xamneyi əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

Bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN