Xamneyi: “Avropalılar hiyləgərlik edirlər”

Xamneyi: “Avropalılar hiyləgərlik edirlər”

GünAz TV: İranın “dini lideri” Əli Xamneyi bu gün bir tədbirdə etdiyi çıxış zamanı ölkə rəsmilərini “dost və düşməni yaxşı tanımağa, bununla da allanmamağa” çağırıb.

 

Xamneyi çıxışının davamında Qərbi “anti- islam” siyasəti aparmaqda ittiham edib: “Onların murdar və kinlə dolu ürəklərində islama və islam republikasına qarşı düşmənçilik hissi var. Amerikanın düşmənçiliyi açıq- aşkardır. Avropalılar isə bu gün hiyləgərlik edirlər. Mən məsullara nə etmək lazım olduğun demirəm, amma allanmamaq üçün ehtiyatlı olsunlar. Nəsə bir iş etməyə çalışarkən, ölkəni daha da böyük problemə salmasınlar. Bilsinlər ki, Allahın əli onların əlinin üzərindədir”- deyə axund Xamneyi əlavə edib.

 

2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatları İranla 5+1 ölkələri arasında imzalanmış nüvə sazişindən çıxdığını və rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul etdiyini bəyan edib. Bundan sonra Avropa tərəfi bu sazişin və İranla ticari əlaqələrin qorunub saxlanmasının tərəfdarı olduğunu bəyan edib. Cari ilin yanvarın 31-də Avropa Birliyi İranla ticari əlaqələri davam etdirmək üçün maliyyə kanalının təsis edildiyini bildirib.

 

Bununla belə, Xamneyi 2018-ci ilin avqust ayının 29-da prezident Həsən Ruhaniyə müraciət edərək, onu nüvə sazişi və iqtisadi əlaqələr kimi məsələlərdə Avropaya ümid bəsləməməyə çağırmışdı.  

 

Oktyabrın 17-də isə Xamneyi demişdi ki, “Qərb və Avropaya tərəf baxmaq ləngimək, minnət çəkmək və kiçilməkdən başqa bizə heç nə vermir”.

 

Xatırladaq ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra qəbul etdiyi yeni sanksiyalar İran iqtisadiyyatını çətin vəziyyətlə üz-üzə qoyub. Həsən Ruhani hökuməti mövcud vəziyyətdən çıxmaq üçün Avropa ilə ticari əlaqələri davam etdirməkdə maraqlı olsa da, dini kəsim, eləcə də, Xamneyi buna qarşıdır. Bu əlaqələrin davam etməsi üçün Avropa tərəfdən irəli sürülən digər bir şərt isə İranın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə konvensiyasına qoşulmasıdır. Lakin başda Əli Xamneyi olmaqla, ölkənin əksər rəsmiləri çirkli pulları yumaq və terrorizmi maliyyələşdirməklə məşğul olduqları üçün onlar bu konvensiyaya qoşulmağa qarşıdırlar.

 

 Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN