Xamneyi: “İnkişafın şərti odur ki, amerikalılar İrana yaxınlaşmasınlar”

Xamneyi: “İnkişafın şərti odur ki, amerikalılar İrana yaxınlaşmasınlar”

GünazTV: İranın dini lideri Əli Xamneyi iyunun 4-də islam respublikasının qurucusu Ruhullah Xomeyninin ölümünün 30-cu ildönümü münasibəti ilə Tehranda keçirilən bir mərasimdə çıxış edərək, ABŞ prezidenti Donald Trampın Yaponiya səfərində İranla bağlı bəyanatına reaksiya verib.

 

Amerikanı “düşmən” adlandıran Xamneyi deyib ki, ABŞ prezidenti İranla siyasi oyun oynayır, onu aldatmağa çalışır: “Düşmən bəzən təhdid edir, bəzən də aldadıcı və şirnikləndirici vasitələrdən istifadə edir. Amerika prezidenti deyib ki, İran, hazırkı rəhbərləri ilə də böyük nailiyyətlər əldə edə bilər. Mənası da budur ki, biz sizi devirmək niyyətində deyilik. Bu isə bizə qarşı siyasi bir oyundan başqa bir şey deyil.

 

İranın hazırkı rəhbərliyi ilə inkişaf edə bilməsi barədə səslənən sözə gəlincə, əlbəttə ki, əgər ölkə məsulları həqiqətən gecə-gündüz çalışıb fədakarlıq etsələr doğru sözdür. Belə olan halda, İran daha böyük uğurlar əldə edə biləcək. Lakin inkişafın bir şərti də odur ki, amerikalılar İrana yaxınlaşmasınlar” –deyə Əli Xamneyi əlavə edib.

 

Xatırladaq ki, mayın 27-də Tokioya səfər edən ABŞ prezidenti Donald Tramp, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında hökumətinin İranla bağlı siyasətindən danışıb.

 

ABŞ prezidenti Donald Tramp Tokio səfərində

 

O deyib ki, Vaşinqton İran rejimini devirmək fikrində deyil: “Mən çoxlu iranlılar tanıyıram. Onlar yüksək səviyyəli insanlardır. İranın böyük iqtisadi potensialı var. İran hətta  indiki rəhbərliyi ilə belə, dünyada böyük bir ölkəyə çevrilə bilər. Onun buna şansı var. Açığını deyim ki, biz, İran rejimini dəyişmək niyyətində deyilik. Biz, sadəcə olaraq, İranın nüvə silahlarına yiyələnməsinin qarşısını almaq istəyirik.

 

Həqiqətən də mənə elə gəlir ki, iranlılar hansısa bir razılaşmanın əldə olunmasını istəyirlər. Bu isə onların güclü zəkasının göstəricisidir. Hesab edirəm ki, bunun gerçəkləşməsinin ehtimalı böyükdür. Şəxsən mən inanıram ki, Tehranla Vaşinqton yeni bir sazişə nail ola bilərlər” –deyə Tramp vurğulayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN