Xamneyi İranın nüvə sazişində qalması üçün Avropa ölkələrinin qarşısında 6 şərt qoydu

Xamneyi İranın nüvə sazişində qalması üçün Avropa ölkələrinin qarşısında 6 şərt qoydu

GünAzTV: İranın dini lideri Əli Xamneyi mayın 23-də ölkə rəsmiləri ilə görüşərək, nüvə sazişindən və İranın bu razılaşmada qalması üçün şərtlərindən danışıb.

 

Öz çıxışında Amerikanın İranla imzalanmış nüvə sazişindən çıxmasını tənqid edən axund Xamneyi deyib ki, avropalılar onun irəli sürdüyü 6 şərtini qəbul etməsə, İran əvvəlki nüvə fəaliyyətini yenidən bərpa edəcək: “İslam Respublikası hökumətinin təcrübəsi göstərir ki, Amerika ilə razılığa gəlmək mümkün deyil. Çünki Amerika üzərinə götürdüyü öhdəliklərə heç vaxt sadiq deyil. Amerika müxtəlif sahələrdə yürütdüyü siyasəti ilə İran İslam Respublikasını devirmək niyyətindədir. Bu həmişə belə olub. Lakin onun bu cəhdləri Tom və Cerri cizgi filmindəki pişik kimi yenə məğlubiyyətə uğrayacaq. Amerikanın indiki prezidentinin də taleyi, özündən əvvəlki prezidentlərin taleyi kimi olacaq və o da tarixdə itib batacaq.

 

Qərblə İran arasında imzalanmış nüvə sazişinə gəldikdə, hesab edirəm ki, Avropa ölkələri bizim bu razılaşmada qalmağımız üçün aşağıdakı şərtləri yerinə yetirməlidirlər: Avropa ölkələri Amerikanın son iki ildə nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri pozması qarşısında susğunluğuna son qoymalı, buna münasibət bildirməlidir. Avropa ölkələri bir qətnamə qəbul edərək, BMT Təhlükəsizlik Şurasının nüvə sazişi ilə bağlı qətnaməsini pozduğuna görə, Amerikaya qarşı mövqe göstərməlidir. Avropa zəmanət verməlidir ki, onunla aparacağımız danışıqlarda İranın raket proqramı məsələsini və bizim regioanal siyasətimizi gündəmə gətirməyəcək. Avropa zəmanət verməlidir ki, o, İrana qarşı tətbiq ediləcək hər hansı bir sanksiyaya qarşı çıxaraq, Amerikanın bu addımlarına qarşı açıq və şəffaf mövqe sərgiləyəcək. Avropa İran neftinin satışına zəmanət verməlidir. Belə ki, neftimizin satışında hər hansı bir maneə yaranarsa, avropalılar zəmanət verməlidir ki, İran neftini özləri alacaqlar. Avropa bankları həm də İranla ticarət əlaqələrini saxlayacağına zəmanət verməlidir”.

 

Xamneyi bildirib ki, onun sadaladığı şərtlər, avropalılar tərəfindən qəbul edilməsə, İran nüvə sazişindən çıxaraq, əvvəlki nüvə proqramını və uranı 20 faiz dərəcəsində zənginləşdirməklə bağlı fəaliyyətini yenidən bərpa edəcək.  

 

Xatırladaq ki, mayın 21-də “Heritage” Fondunda çıxış edən ABŞ dövlət katibi Mayk Pompeo, ölkəsinin İranla bağlı yeni strategiyasından danışaraq, İranla yeni bir nüvə sazişi imzalanması  üçün, Vaşinqtonun rəsmi Tehranın qarşısında qoyduğu 12 şərtini açıqlayıb:

 

 

İran, özünün hərbi və nüvə proqramı üzrə bu günə qədər apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına qoymalı, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır. İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.

 

İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır. İran, bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.

 

Bundan başqa, İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır. İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiber hücumlarını dayandırmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN