Xamneyi İraq etirazlarını “düşmənin məkrli planı” adlandırıb

Xamneyi İraq etirazlarını “düşmənin məkrli planı” adlandırıb

GünAz TV: İranın bəzi rəsmilərinin İraq etirazlarını “Ərbəin mərasiminə kölgə salmaq üçün təşkil edilmiş oyun” adlandırmasından sonra “dini lider” Əli Xamneyi bildirib ki, “düşmən İraqda məkrli plan hazırlayıb”.

 

“Dini Liderin Əsərlərinin Mühafizəsi və Nəşri Mərkəzi”nin “Twitter”də Əli Xamneyiyə istinadən yazdığı statusda qeyd edilir ki, “düşmənlər təfriqə salmağa çalışsalar da, bunu bacarmayıblar və onların məkrli planları heç bir nəticəyə çatmayacaq”.

 

“İran və İraq xalqının canları və ürəkləri Allaha iman, eləcə də Əhli-Beytə və Hüseyn bin Əliyə olan sevgiyə görə, bir-birinə bağlıdır. Bu bağlılıq hər gün daha da artacaq”- deyə Əli Xamneyi iddia edib.

 

“Dini lider” iddia etdiyi “düşmənlər”in kim olduğunu açıqlamayıb.

 

Ötən gün isə Xamneyinin “Keyhan” media müəssisəsində olan nümayəndəsi Hüseyn Şəriətmədari Amerikanın Bağdaddakı səfirliyini “casus yuvası” adlandırmışdı. O, həmçinin iraqlıları İrandakı 1979-cu il inqilabında olduğu kimi, ABŞ səfirliyini işğal etməyə çağırmışdı.

 

Xatırladaq ki, ötən həftə İraq əhalisi 25%-lik işsizlik həddi, rüşvərxorluq və kommunal xidmətlərin zəif olması, xüsusilə də ölkə ərazisində işığın tez-tez kəsilməsinə görə etiraz aksiyalarına başlayıb.

 

Dövlət nümayişlər səbəbindən ölkə ərazisində interneti məhdudlaşdırıb və paytaxtda dövlət idarələrini müvəqqəti olaraq bağlayıb. Bu günə qədər baş vermiş toqquşmalar zamanı 100-dən çox insan ölüb, yüzlərlə etirazçı isə yaralanıb.

 

Ötən günlər ərzində minlərlə etirazçının əsas səsləndirdiyi şüarlardan biri “Bağdad azaddır, İran rədd ol!” olub.

 

İraq xalqı əsas etibarilə İranın ölkələrinə müdaxilələrinə etiraz edirlər. Nümayişlər səbəbindən Nəcəf və Kərbala kimi şəhərlərə zəvvarların getməsində də problemlər yaranıb.

 

Digər tərəfdən, İran hökumətinin sözçüsü Əli Rəbii və Əli Xamneyinin ali müşaviri Yəhya Səfəvi də İraq etirazlarının əslində “düşmənlər tərəfindən Ərbəin mərasiminə kölgə salmaq üçün təşkil edildiyini” iddia ediblər.

 

Qeyd etmək lazımdır ki, İran rəsmiləri “Ərbəin” ziyarətini “qüdrət manevri” adlandırırlar və onlar bu il həmin mərasimdə 3 milyon İran vətəndaşının iştirak edəcəyini planlaşdırırdılar. Bu mərasim rəsmi Tehran üçün son illər ərzində xüsusi əhəmiyyət kəsb etdiyindən, iranlı rəsmilər onun təşkili, eləcə də İraqda dini məbədlərin təmiri üçün üçün böyük məbləğdə pullar sərf edirlər.

 

Lakin oktyabrın 3-də İran Xarici İşlər Nazirliyi təhlükəsizlik səbəbindən vətəndaşları növbəti məlumat verilənə qədər Ərbəin səfərinə getməkdən çəkinməyə çağırmışdı.

 

Ötən həftə İrandan olan zəvvarlara hücum barədə məlumatlar da yayılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN