Xamneyi: “İsrailin yer üzündən silinməsi fələstinlilərin Netanyahu kimi canini yox etməsi deməkdir”

Xamneyi: “İsrailin yer üzündən silinməsi fələstinlilərin Netanyahu kimi canini yox etməsi deməkdir”

GünAz TV: İranın “dini lideri” Əli Xamneyi növbəti dəfə İsrailin suverenliyinə qarşı təhdid dolu fikirlər səsləndirib.

 

O, “islami vəhdət” adı altında keçirilən tədbir çərçivəsində müsəlman ölkələri səfirləri ilə görüşü zamanı ölkəsinin “yəhudi düşməni olmadığını” iddia edib və İsrailə qarşı yürütdükləri siyasəti qismən açıqlayıb.

 

“Biz yəhudi düşməni deyilik. İsrailin yer üzündən silinməsi ilə bağlı səsləndirdiyimiz fikirlər o deməkdir ki, müsəlman, yəhudi və xristian olmasından asılı olmayaraq, Fələstin xalqı öz müqəddəratını özü təyin etməli, Netanyahu kimi canini o torpaqlardan yox etməlidir”,- deyə “dini lider” əlavə edib.

 

Xamneyi “islami vəhdət” anlayışına da toxunub və bildirib ki, bu o deməkdir ki, “müsəlman ölkələr bir-biri ilə müharibə etməsinlər, biri digərinin ərazisinə təcavüz etməsin”.

 

“Dini lider” ölkəsinin həmin “vəhdət”ə çalışdığını iddia etsə də, son illər İranın regionda yürütdüyü siyasət, digər ölkələrə qarşı ərazi iddiaları və onların daxili işlərinə qarışmaq, eləcə də İraq, Yəmən və Suriya kimi müsəlman ölkələrində apardığı, bu günə qədər yüz minlərlə insanın canı bahasına başa gələn müharibələr bunun tam əksini göstərir.

 

Xamneyi həmçinin ölkəsinin Fələstinə, yəni orada fəaliyyət göstərən yaraqlı təşkilatlara dəktək göstərdiyini və bu prosesə davam edəcəyini deyib.

 

“Biz Fələstinin müstəqilliyini istəyirik. Biz İsrail rejiminin məhv olmasını, onun əvəzində bölgədə yaşayan fələstinlilərin öz müqəddəratlarını təyin etməsini istəyirik. Bu, bizim təməl və prinsipial mövqeyimizdir. Bu hadisə mütləq baş verəcək”, - deyə Xamneyi fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, bir neçə ay əvvəl beynəlxalq ictimaiyyətin İran rejiminin digər ölkələrin milli təhlükəsizliyi və suverenliyinə qarşı yaratdığı təhdidləri qınamasına verdiyi reaksiyada Məhəmməd Cavad Zərif rəsmi Tehranın İsrail də daxil olmaqla, heç bir ölkənin suverenliyinə qarşı çıxış etmədiyini demişdi. O iddia etmişdi ki, İrandan heç kim heç vaxt "İsrailin məhv olması kimi fikirlər dilinə gətirməyib"

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN