Xamneyi: “Myanmar hökumətinin başında rəhimsiz bir qadın durur”

Xamneyi: “Myanmar hökumətinin başında rəhimsiz bir qadın durur”

GünAzTV: İranın dini lideri Əli Xamneyi sentyabrın 12-də tələbələrinə keçdiyi “xaric-fiqh” dərsində Myanmarda müsəlmanlara qarşı aparılan repressiyalardan danışaraq müsəlman ölkələrini Myanmar hökumətinə təzyiq göstərməyə çağırıb.

 

Rohingya müsəlmanlarına qarşı zorakılıqları pisləyən Xamneyi, Myanmarın 1-ci dövlət müşaviri, sülh üzrə Nobel mükafatı laureatı Aung San Suu Kyini “rəhimsiz bir qadın” adlandırıb: “Bu gün Myanmarda baş verən faciələr, dünya ölkələrinin, o cümlədən də müsəlman dövlətlərinin və insan hüquqlarından dəm vuran yalançı və riyakar beynəlxalq qurumların gözü qarşısında baş verir. Hesab edirik ki, müsəlman ölkələr, bu faciələrin dayandırılması üçün əməli addım atmalı, Myanmar hökumətinə qarşı təzyiq göstərərək, məsələyə münasibət bildirməlidir.

 

Əlbəttə ki, bunu deməkdə məqsəd, müsəlman ölkələrinin Myanmara qoşun çəkməsi deyil. Lakin düşünürəm ki, onlar Myanmar hökumətinə qarşı siyasi və iqtisadi təzyiqi gücləndirməli, bu ölkədə müsəlmanlara qarşı törədilən cinayətlər barədə beynəlxalq qurumlarda danışaraq onu pisləməlidirlər.

 

Rohingya müsəlmanlarına qarşı faciələr birbaşa Myanmar hökuməti tərəfindən həyata keçirilir. Bu gün, faktiki olaraq Myanmar hökumətinin başında rəhimsiz bir qadın durur. Təəccüblüsü də odur ki, həmin qadın həm də sülh üzrə Nobel mükafatı laureatıdır. Elə buna görə də düşünürəm ki, bu olayların baş verməsi, əslində həm də sülh üzrə Nobel mükafatının ölümü deməkdir”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN