Xamneyi: “Sanksiyalara qalib gələcəyik. İqtisadi baxımdan çıxılmaz vəziyyətdə deyilik”

Xamneyi: “Sanksiyalara qalib gələcəyik. İqtisadi baxımdan çıxılmaz vəziyyətdə deyilik”

GünAzTV: İranın dini lideri Əli Xamneyi oktyabrın 4-də Tehranın “Azadlıq” stadionunda çıxış edərək, ölkənin üzləşdiyi iqtisadi problemlərdən və Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan danışıb.

 

İranın müxtəlif kənd və şəhərlərindən yüzlərlə avtobusla Tehranın “azadlıq” stadionuna gətirilmiş “Bəsic” təşkilatının on minlərlə üzvü qarşısında çıxış edən axund Xamneyi, ölkə əhalisini mövcud problemlər qarşısında məyus edərək, Amerika ilə birbaşa danışıqlar aparılması düşüncəsini təbliğ edən şəxsləri xəyanətdə günahlandırıb: “Əminəm ki, Allahın köməkliyi ilə biz ölkəmizə qarşı tətbiq edilən sanksiyalara qalib gələcək, Amerikanı məğlub edəcəyik. Beləliklə də Amerika İran millətinin növbəti şillə və şapalağını almış olacaq.

 

Düzdür, ölkədə müəyyən iqtisadi çətinliklərimiz var. İqtisadiyyatımız neftə söykənir. Bu isə özü-özlüyündə böyük bir nöqsandır. Bundan başqa qənaət mədəniyyətimiz də çox zəifdir. İsrafçılığa da çox yol verilir. Bizdə bu nöqsanlar var. Lakin gerçək nöqsan bunlar deyil, çıxılmaz vəziyyətdə qalmaqdır. Biz isə Allahın köməkliyi ilə iqtisadi baxımdan çıxılmaz vəziyyətdə deyilik.

 

Düşmən, İran millətinə belə bir fikiri aşılamağa çalışır ki, onun üzləşdiyi mövcud çətinliklərdən qurtarmaq üçün Amerika qarşısında diz çəkməkdən və ona təslim olmaqdan başqa çarəsi və çıxış yolu yoxdur. Məhz buna görə də, hesab edirəm ki, ölkə daxilində əhali arasında düşmənin bu düşüncəsini yayanlar ölkəyə xəyanət edirlər. Bildirirəm ki, belə bir şey olmayacaq və nə qədər ki, canım var, Allahın köməkliyi ilə ölkədə belə bir şeyin baş verməsinə imkan verməyəcəyəm”.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN