Xamneyi Trampa səsləndi: “Region əhalisi Amerikaya nifrət edir”

Xamneyi Trampa səsləndi: “Region əhalisi Amerikaya nifrət edir”

GünazTV: İranın “dini lideri” Əli Xamneyi yanvarın 1-də tibb bacıları ilə görüşdə Amerika prezidenti Donald Trampın bu ölkənin İraqdakı hərbçilərinə son hücumları İranla əlaqələndirməsinə reaksiya verib.

 

Xamneyi deyib ki, amerikalılar İraqda və Suriyada İŞİD-in intiqamını “Həşdəş-Şəbi”dən alırlar: “Amerikalılar “Həşdəş-Şəbi”dən onların özlərinin yaratdığı İŞİD-i məhv etdiyinə görə intiqam alırlar. Trampın İraqda baş verən son olaylarda İranı təqsirləndirməsi absurd və məntiqə zidd fikirdir. Çünki region əhalisi Amerikaya nifrət edirlər.

 

Hamı bilir ki, İran İslam Respublikası müharibə tərəfdarı deyil. Lakin İran xalqının inkişaf və maraqlarını təhdid edən hər kəsin qarşısında durmağğa və ona zərbə endirməyə hazırdır.

 

Amerika rəsmiləri bu ölkənin İraqdakı qüvvələrinə qarşı hücumlarda İranı təqsirkar kimi göstərməyə çalışırlar. Mən isə onlara deyirəm ki, siz bu hücumları bizimlə əlaqələndirməklə səhvə yol verirsiniz. İran hansısa bir ölkəyə qarşı mübarizə aparmaq istəsə, bunu açıq şəkildə edəcək. Biz millətimizin məraqlarının qorunub saxlanılmasına sadiqik və buna qarşı çıxan hər bir kəslə üz-üzə durmağa hazırıq” -deyə, İranın “dini lideri” Əli Xamneyi əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 31-də İranı Amerikanın İraqdakı hərbi mərkəzlərinə və diplomatik korpuslarına qarşı hücumların təşkilində günahlandırıb.

 

 

 Tramp deyib ki, o, ölkəsi ilə İran arasında müharibə olacağını proqnozlaşdırmır: “Biz, müharibə istəmirik və belə bir niyyətimiz də yoxdur. Mən istəyirəm ki, aramızda sülh olsun. Mən sülhün tərəfdarıyam və hesab edirəm ki, İran da sülhün tərəfdarı olmalıdır. Mən ölkələrimiz arasında hər hansı bir savaşın baş verəcəyini proqnozlaşdırmıram” –deyə, Tramp əlavə edib.

 

ABŞ prezidenti həmçinin “Twitter” səhifəsində paylaşdığı bir yazıda İrana Amerikanın İraqdakı hərbi qüvvələrinin həyatını təhlükəyə salan hər hansı bir addımına görə xəbərdarlıq edib: “İran bizim hərbi və ya diplomatik mərkəzlərimizə qarşı hər hansı bir hücuma görə məsuliyyət daşıyacaq. İranın bu kimi addımları ona baha başa gələcək. Bu bir xəbərdarlıq yox, təhdiddir” –deyə, ABŞ prezidenti Donald Tramp vurğulayıb.

 

 

 Qeyd edək ki, son iki gündə İranın İraqda dəstəklədiyi “Həşdəş-Şəbi” terror qruplaşmasının yüzlərlə muzdlusu Bağdadda beynəlxalq diplomatik korpsların yerləşdiyi “yaşıl zona”ya daxil olaraq, Amerika səfirliyinin binasına hücum edib. Hücumda səfirliyin şüşələri sındırılıb, qapıları yandırılıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN