Xamneyinin müşaviri: “Barzaninin israillilərə bağlanması onun siyasi süqutunun başlanğıcıdır”

 Xamneyinin müşaviri: “Barzaninin israillilərə bağlanması onun siyasi süqutunun başlanğıcıdır”

 

GünAzTV: İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, sentyabrın 26-da Tehranın Azad İslam Universitetində keçirilən bir tədbirdə çıxış edərək iki gün əvvəl İraq Kürdistanında keçirilmiş müstəqillik referendumuna sərt reaksiya verib.

 

Öz çıxışında İraq Kürdistanının başçısı Məsud Barzanini “İsrailə bağlı olmaqda” günahlandıran Vilayəti, müstəqilliklə bağlı keçirilmiş referendumu “dəyərsiz bir hərəkət” adlandırıb: “Barzaninin gördüyü bu iş dəyərsizdir və bunun müsbət nəticəsi olmayacaq. Onun bu hərəkəti sadəcə olaraq bölgədə xaosa və qarma-qarışıqlığa səbəb olacaq. Təəssüflər olsun ki, Barzani çoxdan sionistlərə bağlanıb. Əgər o Fələstindəki vəziyyətdən dərs almayıbsa, heç olmasa vaxtilə mübarizəyə qalxmış Səlahəddin Əyyubi sərkərdəsindən dərs almalı idi. Kürd xalqı İsrailin baş naziri Benyamin Netanyahu ilə yox, Səlahəddin Əyyubi ilə fəxr edir. Bir sözlə, hesab edirəm ki, Barzaninin israillilərə bağlanması, onun siyasi süqutunun başlanğıcıdır.

 

Məhz bu rüsvayçılığa görə də, Barzani bu referendumdan heç nə qazanmayacaq. Baxmayaraq ki, keçirilmiş referendumun da nə qədər gerçək olub-olmaması da sual altındadır. Düşünürəm ki, Barzani başqalarının fikirləşdiyindən daha tez devriləcək. İran milləti və bölgə əhalisi də Barzaninin bu hərəkəti qarşısında sakit qalmayacaq və onun bu rəftarı qarşısında dayanacaqlar. Belə olduqda isə Barzani indiki mövqeyindən geri çəkilmək məcburiyyətində qalacaq. Əks təqdirdə onun qarşısı anınacaq”.

 

 

Qeyd edək ki, İraq Kürdistanında müstəqilliklə bağlı referendum sentyabrın 25-də keçirilib. İlkin nəticələrə əsasən, səsvermə hüququna malik olan kürdlərin 72 faizi seçkiyə qatılıb. Səs verənlərin 93 faizi Kürdistanın İraqdan ayrılaraq müstəqilliyə qovuşmasına səs verib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN