Xamneyinin nümayəndəsi: “Bəhreyn bizimdir və İrana qaytarılmalıdır”

Xamneyinin nümayəndəsi: “Bəhreyn bizimdir və İrana qaytarılmalıdır”

GünAzTV: İranın dini liderinin “Keyhan” müəssisəsindəki nümayəndəsi Hüseyn Şəriətmədari, fevralın 8-də Tehranda keçirilən bir toplantıda Bəhreynin müstəqilliyinə qarşı bəyanatlar səsləndirərək, bu kiçik ölkənin İrana qaytarılmasının vacibliyindən danışıb.

 

O bildirib ki, əhalisinin əksəriyyətini şiələr təşkil edən Bəhreyn Krallığı İrana məxsusdur və yenidən İranın nəzarətinə verilməlidir: “Mən keçmişdə bir dəfə yazdım ki, Bəhreyn bizimdir və bizə qaytarılmalıdır. Mənim bu sözümdən sonra, Al-i Səud müftiləri boş-boğazlıq edərək mənim qətlimin vacib olduğunu bildirdilər. Lakin bu gün mən, əvvəlki sözümü təkrar edib bir daha deyirəm ki, Bəhreyn bizimdir və İrana qaytarılmalıdır. Çünki, Bəhreyn əhalisi özlərini İranın ayrılmış bir hissəsi hesab edirlər və onların bir neçə ildir üzləşdiyi problemlərin və apardığı mübarizəsinin səbəbi də məhz budur”.

 

Hüseyn Şəriətmədarı, ilk dəfə, 2008-ci ilin iyul ayında, baş reaktoru olduğu “Keyhan” qəzetinin baş məqaləsində Bəhreynə qarşı ərazi iddiası irəli sürmüşdü: “Bəhreyn, həmişə İran ərazisinin bir hissəsi olub. Bu ölkə, keçmiş şah Məhəmmədrza Pəhləvinin Amerika və Böyük Britaniyanın qanunsuz sövdələşməsi nəticəsində İrandan ayrılıb. Lakin bu gün, Bəhreyn əhalisinin əsas istəyi, öz doğma vətənləri olan İrana qayıtmaq və Bəhreynin İrana birlədirilməsidir”.

 

33 kiçik və böyük adadan ibarət olan və əhalisini sünni və şiə ərəblər təşkil edən Bəhreyn, 1971-ci ilə qədər İranın nəzarətində olub. Lakin həmin il, İran şahı bildirib ki, əgər bəhreynlilər müstəqil yaşamaq istəsələr, o buna qarşı çıxmayacaq. Beləliklə də İranla BMT arasında məsələ üzrə razılıq əldə edildikdən sonra, həmin il Bəhreyn öz müstəqilliyini elan edib.

 

Xatırladaq ki, Bəhreyn xarici işlər naziri Şeyx Xalid Bin Əhməd Al-i Xəlifə 2017-ci il, dekabrın 26-da özünün “Twitter” səhifəsində bir yazı paylaşaraq, İran rejiminin bölgədə yürütdüyü ekspansionist siyasətini tənqid edərək, onun süqutunun yaxınlaşmasından danışıb.

 

 

O bildirib ki, İran bir ölkə olaraq qalsa da, ona hakim ruhanilər gec-tez hakimiyyətdən getməli olacaq: “Mən, bir daha bu fürsəti qaçırmadan bildirirəm ki, “İran” bir ölkə olaraq qalacaq, lakin ona hakim islam respublikası rejimi müvəqqəti bir məsələdir və getməyə məhkumdur. Əgər bizim bu sözümüz, İran rəhbərlərinin xoşuna gəlmirsə və ya onları qəzəbləndirirsə, yaxşısı budur ki, gedib başlarını divara çırpsınlar və soyuq su içsinlər. Çünki biz, bölgədəki qardaşlarımızla birlikdə, İranın regionda həyata keçirməyə cəhd göstərdiyi bütün planlarının qarşısında dayanacaq, onların reallaşdırılmasına imkan verməyəcəyik”.

 

Qeyd edək ki, son illər Tehranla Mənamə arasındakı münasibətlər son dərəcə pisləşib. Bəhreyn hökuməti, İranı bu ölkənin və regionun digər ölkələrinin daxili işlərinə qarışmaqda, bu ölkələrdəki radikal şiə qruplaşmalarına dəstəkdə və beynlxalq terrorizmə dəstək verməkdə günahlandırırlar.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN