Xuzistanın polis komandanı: “Son etirazlarda qanunsuz olaraq silah gəzdirən daha 136 nəfər həbs edilib”

Xuzistanın polis komandanı: “Son etirazlarda qanunsuz olaraq silah gəzdirən daha 136 nəfər həbs edilib”

GünazTV: İranın Xuzistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə dekabrın 13-də jurnalistlərə açıqlamasında son eirazlara qatılaraq qanunsuz silah gəzdirməkdə təqsirli bilinən daha 136 nəfərin həbs edildiyini bildirib.

 

O deyib ki, qanunsuz olaraq silah saxlayan vətəndaşlara qarşı mübarizə aparılması üçün ümumi təhlükəsizlik polisinə göstəriş verilib: “Son etirazlarda qanunsuz olaraq silah gəzdirən, odlu silahlardan atəş açılmasında günahlandırılan daha 136 nəfər həbs edilib. Ümumi təhlükəsizlik polisi digər orqanların əməkdaşlığı ilə bu şəxsləri beş gün ərzində əyalətin müxtəlif bölgələrində keçirilən əməliyyatlarda yaxalayıb.

 

Əməkdaşlarımızın müttəhimlərin gizləndiyi məkanlarda apardığı yoxlama nəticəsində 21 ədəd hərbi silah, 190 ədəd ov tüfəngi və 990 ədəd müxtəlif növdən olan patron aşkarlanaraq götürülüb” –deyə, Xuzistan əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Heydər Abbaszadə əlavə edib.

 

Qeyd edək ki, noyabr ayında İranda keçirilən son kütləvi etirazlarda təkcə Xuzistan əyalətinin müxtəlif şəhərlərində yüzlərlə dinc etirazçı hökumət qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilib, bir çoxları yaralanıb.

 

Xuzistanın polis komandanı Abbaszadənin tutulanları etirazlarda silahdan istifadə etməkdə günahlandırmasına baxmayaraq, rejim qüvvələrinin dinc etirazlarda birbaşa vətəndaşlara yaxın məsafədən atəş açmasını göstərən onlarla video sosial şəbəkələrdə yayılıb.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN