Yəhya Rəhim Səfəvi: “Amerikanın hərbi gəmiləri “Sepah” raketlərinin hədəfindədir”

Yəhya Rəhim Səfəvi: “Amerikanın hərbi gəmiləri “Sepah” raketlərinin hədəfindədir”

GünazTV: İranın "dini lider"inin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi iyunun 2-də jurnalistlərə açıqlamasında “Sepah” raketləri ilə Amerikanın regiondakı hərbi gəmilərini təhdid edib.

 

“Sepah” dəniz qüvvələrinin raket gücündən danışan Rəhim Səfəvi deyib  ki, Amerika prezidenti Donald Tramp, iqtisadi baxımdan ona sərf etməyən heç bir savaşa girməyəcək: “Amerikalıların bütün regionda 25-dən çox hərbi bazası var. Həmin bazalarda isə 20 mindən çox hərbçi var. Amerikalılar bilməlidirlər ki, onların regionda olan bütün hərbçiləri, eləcə də onların və digər əcnəbilərin hərbi gəmiləri “Sepah” dəniz qüvvələrinin raketlərinin hədəfindədir. Onlar bilməlidir ki, körfəzdə ilk güllənin atılması, dünya neft bazarında hər barel neftin qiymətini 100 dollara qaldıracaq. Bu 100 dollarlıq neft isə güman edirəm ki, Amerika və Avropa üçün, o cümlədən də Amerikanın dostları olan Yaponiya və Cənubi Koreya üçün dözülməz olacaq.

 

Tramp yaxşı bilir ki, Amerikanın İranla hər hansı bir savaşı, həm onların hərbi məğlubiyyətinə səbəb olacaq, həm də onların iqtisadi baxımdan xərclərini kəskin artıracaq. Məhz buna görə də,  hesab edirəm ki, Tramp hökuməti heç vaxt iqtisadi baxımdan ona sərf etməyən heç bir savaşa girməyəcək. Onlar (amerikalılar) artıq iki həftə əvvəldən geri çəkilməyə başlayıblar” –deyə Yəhya Rəhim Səfəvi əlavə edib.

 

Xatırladaq ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi bir ay əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəzə göndərib.

 

 

Son həftələr, iki ölkə arasında savaş təhlükəsinin artması, İranla Amerika rəsmilərinin bir-biri ilə  söz müharibəsi aparmasına gətirib çıxarıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN