Yəmən prezidenti: “İran bütün ərəb paytaxtlarını öz nəzarəti altına almağa çalışır”

 Yəmən prezidenti: “İran bütün ərəb paytaxtlarını öz nəzarəti altına almağa çalışır”

GünazTV: Yəmən prezidenti Əbd Rəbbuh Mənsur Hadi martın 31-də Tunisdə keçirilən Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının toplantısında çıxış edərək, İranın yaraqlı husilərə dəstəyindən və bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Öz çıxışında husiləri İranla birləşərək Yəmənin qanuni hökumətinə qarşı üsyan qaldırmaqda günahlandıran Əbd Rəbbuh Mənsur Hadi, deyib ki, İran İslam Respublikası husilərə dəstək verməklə, regionun ərəb ölkələrinə müdaxiləsini genişləndirməyə cəhd göstərir: “İran, yaraqlı husilərin paytaxt Sənada nəzarəti ələ almasından istifadə edərək, bölgənin digər ərəb ölkələrinin paytaxtlarını öz nəzarəti altına almağa çalışır. Bu isə yolverilməzdir.

 

Təəssüflər olsun ki, özlərini ərəb milləti ilə düşmənçilik edən İran kimi xarici bir dövlətə satan yaraqlı husilər, Sənada öz hegemonluqlarını möhkəmləndirdikdən sonra ölkə paytaxtını Yəmən vətəndaşları üçün böyük bir həbsxanaya çevirdilər. Onlar həmçinin Yəmənin digər şəhərlərini işğal edərək, ölkə əhalisinin gündəlik həyatını pozmağa, onların güzəranını məhv etməyə çalışdılar.

 

İran rəsmiləri yaraqlı husilərin Yəmənin qanuni hökumətinə qarşı çevrilişindən və Sənanı ələ keçirməsindən sonra, bu gün açıq-aşkar regionun 4 ərəb ölkəsinin daxili işlərinə qarışır, bununla fəxr etdiklərini nümayiş etdirirlər” - deyə, Yəmən prezidenti əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN