Zərif: “Amerika bu addımı ilə Netanyahuya yersiz və mənasız bir hədiyyə verdi”

Zərif: “Amerika bu addımı ilə Netanyahuya yersiz və mənasız bir hədiyyə verdi”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 8-də şəxsi “Twitter” səhifəsində yazdığı bir statusda Tramp hökumətinin “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsinə münasibət bildirib.

 

O bildirib ki, Amerika Birləşmiş Ştatları bu addımı ilə bölgədə təhlükəli bir macəraçılığa başlayıb: “Amerika bu addımı ilə işğal olunmuş ərazilərdə İsrailin baş naziri Benyamin Netanyahuya seçkiqabağı yersiz və mənasız bir hədiyyə verdi və regionda təhlükəli bir macəraçılığı başlatdı” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi

 

Həmçinin İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçi aprelin 8-də dövlət televiziyasına müsahibəsində məsələyə münasibət bildirərək, Amerikanı İranın qırmızı xəttini keçməkdə günahlandırıb. O deyib ki, İran İslam Respublikası bundan sonra Amerikanın bölgədəki hərbi qüvvələrinə terrorçu gözü ilə baxacaq: “Fars körfəzinin təhlükəsizliyini qorumaq “Sepah”ın işidir. Bölgədə yeni olaylar baş verə bilər. Çünki Amerika özünün bu addımı ilə İran İslam Respublikasının əsas və mühüm qırmızı xətlərindən birini keçib.

 

Düşünürəm ki, Amerika hökumətinin bu qərarının sonrakı fəsadları çox olacaq. Bizim baxışımızdan, Amerikanın regiondakı hərbi bazalarında olan amerikalı əsgərlər bundan sonra artıq adi əsgər yox, terrorçu kimi tanınacaqlar. Bu baxış, onların hərbi bazalarına da şamil edilir. Biz, bu gündən başlayaraq, bölgədə yeni bir şərait və vəziyyətlə üz-üzə qalmalı olacağıq” –deyə Abbas Əraqçi əlavə edib.

 

ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

 

Bununla da rəsmi Vaşinqton tarixdə ilk dəfə olaraq bir ölkənin hərbi birləşməsini terror təşkilatı kimi tanıdığını elan edib.

 

Trampın bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin “Sepah”ı və onun “Qüds” qanadını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım, İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir. “Sepah”, İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

 

Bildirilir ki, “Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatları gələn həftə açıqlanacaq və bununla bağlı İrana qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN