Zərif Amerikanın İranla ticarətlə bağlı yeni mexanizmini tənqid edərək Vaşinqtonu “iqtisadi terrorizmdə” günahlandırıb

Zərif Amerikanın İranla ticarətlə bağlı yeni mexanizmini tənqid edərək Vaşinqtonu “iqtisadi terrorizmdə” günahlandırıb

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 27-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda Amerikanın İranla humanitar sahədə ticarətlə bağlı yeni mexanizmini tənqid edərək Vaşinqtonu “iqtisadi terrorizmdə” günahlandırıb.

 

Zərif deyib ki, Amerika hökuməti “riyakar iddialarının əksinə olaraq”, İran millətinə qarşı “iqtisadi terrorizm”i gücləndirib: “Amerikanın dövlət katibi bundan əvvəl verdiyi açıqlamalarının birində demişdi ki, əgər İran milləti yeməyə bir şeyi olduğunu istəyirsə, Amerikaya təslim olmalıdır. İndi də ABŞ-ın Maliyyə Nazirliyi təkcə qidanı yox, həm də bizim dava-dərman almağımızı hədəfə alıb” –deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif əlavə edib.

 

Zərif, Vaşinqtonu İrana qida və dərman pereparatlarının ixracına məhdudiyyət qoymaqda günahlandırsa da, Amerika hökuməti dəfələrlə bildirib ki, İrana qoyulan sanksiyalar humanitar sahələrə, o cümlədən də qida və dərman ixracına şamil edilmir.

 

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bir neçə ay əvvəl BBC-yə açıqlamasında İranı ölkə sərvətlərini beynəlxalq terrorizmə sərf etməkdə günahlandırmışdı. Pompeo demişdi ki, İran rejimi ölkə əhalisinin qida və dərmanını təmin etmək əvəzinə, ölkə sərvətini terrorçu təşkilat kimi tanınan “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin ölüm və viranlıqla nəticələnən region ölkələrinə səfərlərinə sərf edir.

 

Xatırladaq ki, Amerikanın Maliyyə və Xarici İşlər Nazirlikləri oktyabrın 25-də birgə bəyanat yayaraq, İranla humanitar sahədə ticarətin şəffaflığının gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını açıqlayıblar.

 

Bəyanatda bildirilir ki, İranla qanuni və lisenziyalı şəkildə ticari əlaqələr qurmaq istəyən ölkə və ya şirkətlər, Ameikanın xarici sərmayələrinə nəzarət edən idarənin qaydalarına uyğun olaraq,  sövdələşmə predmetləri ilə bağlı bütün məlumatları əvvəlcədən təqdim etməlidirlər: “Yeni mexanizm, beynəlxalq ictimaiyyətin daha ayıq şəkildə İranla humanitar sahədə ticarət etməsinə yardım edəcək. Məqsəd isə, İranın ticari sövdələşmələrdən əldə edəcəyi pulları ballistik raketlərin istehsalına və terrorizmə dəstəyə sərf etməyəcəyindən əmin olmaqdır” –deyə, bəyanatda bildirilir.

 

 

 ABŞ-ın Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk həmin gün bəyanat yayaraq, İranla ticarətlə bağlı tətbiq etdilən yeni mexanizmin bəzi detallarını açıqlayıb. Huk deyib ki, yeni mexanizmin tətbiqində məqsəd, İran millətinə yardım etməkdir: “Hesab edirik ki, yeni bir humanitar kanalın açılması İranla ticari əlaqələr qurmaq istəyən xarici ölkə və şirkətlərin, eləcə də bankların işini asanlaşdıracaq, pulların səhv bir yola xərclənmə təhlükəsinin qarşısını alaraq minimuma endirəcək” –deyə, Brayan Huk əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN