Zərif: “Biz heç vaxt deməmişik ki, İsraili məhv etmək istəyirik”

Zərif: “Biz heç vaxt deməmişik ki, İsraili məhv etmək istəyirik”

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, dekabrın 22-də Fransanın həftəlik Lopoen qəzetinə müsahibəsində ölkə rəsmilərinin son 40 il ərzində İsrailin məhvi ilə bağlı rəsmi tribunalardan açıq-aşkar səsləndirdikləri bəyanat və çağırışları təkzib edib.

 

Zərifin açıqlaması, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəsi İran tərəfindən təhdid edilərsə, İranın daxilindəki müəyyən hədəflərə hava zərbələri endirəcəkləri ilə bağlı səsləndirdiyi bəyanatından 11 gün sonraya təsadüf edib.

 

Zərif, Lopoen müxbirinin İranın uzaqmənzilli raketləri və İran rəhbərlərinin “İsrail yer üzündən silinməlidir” şüarı ilə bağlı verdiyi sualı cavablandıraraq, İranın İsraili məhv etmək niyyətində olmadığını bəyan edib: “Biz heç vaxt deməmişik ki, İsraili məhv etmək istəyirik. İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni vaxtilə bu cümləni işlətmişdi. Bununla da o demək istəmişdi ki, əgər İsrail mövcud siyasətini davam etdirsə, onu belə bir tale gözləyir və o, sonunda yürütdüyü həmin siyasətinə görə öz-özünə məhv olub yer üzündən silinəcək. Lakin Xomeyni deməmişdi ki, İsraili məhv etmək niyyətindədir.

 

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və digər rəsmilərimiz də, ayətullah Xomeyninin bu şüarını həmin anlamda işlədiblər. Siz, bizlərdən bir nəfər tapıb göstərin ki, ağzından belə bir söz çıxmış olsun. Bizdən heç kəs belə bir söz deməyib”.

 

Xatırladaq ki, Netanhahu dekabrın 13-də jurnalistlərlə görüşərək, hökumətinin qırmızı xəttindən və İranın Tel-Əvivə qarşı təhdidindən danışıb.

 

 

Netanyahu bildirib ki, İsrailin mövcudluğu onun hökumətinin qırmızı xətti sayılır və İran tərəfindən ölkəsinə qarşı gələn hər bir təhdidə kəskin cavab verəcək: “İran rejimi bu qırmızı xətti keçərsə və İsrailin varlığı təhlükəyə düşərsə, biz İranın daxilindəki müəyyən hədəflərə hücum edəcəyik və buna artıq hazırıq. Biz, Yəhudi ölkəsini məhv etmək istəyən İran rejimi qarşısında özümüzü və İsraili qorumaq üçün əlimizdən gələni edəcək, istənilən addımı atacağıq. Hesab edirəm ki, İsrailin varlığını təhdid edən ən böyük təhlükə İrandır. Məhz buna görə də düşünürəm ki, onun qarşısı alınmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN