Zərif Osloda: “Xəzər dənizinin bizə məxsus olan bircə damla suyunu belə bizdən almalarına imkan verməyəcəyəm”

Zərif Osloda: “Xəzər dənizinin bizə məxsus olan bircə damla suyunu belə bizdən almalarına imkan verməyəcəyəm”

GünazTV: Avqustun 21-də Skandinaviya ölkələrinə səfəri çərçivəsində Norveçin paytaxtı Osloya səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bu ölkədə yaşayan bir qrup İran vətəndaşları ilə görüşərək, Xəzər dənizindən və rejimin bununla bağlı yürütdüyü siyasətinə etiraz bildirənlərdən danışıb.

 

Zərif deyib ki, o, iranlıların Xəzər dənizinə və onun hüquqi statusu ilə bağlı məsələyə həssas yanaşmasından sevinir: “Xəzər dənizi mövzusu xüsusunda məni tez-tez tənqid edirlər. İnsanların Xəzər dənizi ilə bu qədər həssas olması məni sevindirir. Lakin bizə qarşı təbliğat aparanlar yalan danışırlar. Sizi əmin edirəm ki, nə qədər ki, mən sağam və nə qədər ki, bu vəzifədə məsuliyyət daşıyıram, Xəzər dənizinin bizə məxsus olan bircə damla suyunu belə bizdən almalarına imkan verməyəcəyəm.

 

Bizə qarşı təbliğat aparanlardan bəziləri də deyirlər ki, İran hökuməti “Fars körfəzini” Çinin ixtiyarına verib. Axı belə bir şey necə mümkün ola bilər. Məgər belə bir şey bir iranlı üçün qəbulediləndir. Elə buna görə də, hesab edirəm ki, bu kimi yalan və əsassız söz və şayiələrin yayılmasına imkan verməməliyik” –deyə Məhəmmədcavad Zərif bəyan edib.

 

 

Qeyd edək ki, son vaxtlar xaricdə yaşayan bir sıra siyasi ekspertlər Xəzər dənizinin hüquqi statusunu yenidən gündəmə gətirərək, İran rəhbərliyini öz hakimiyyətlərini qorumaq üçün Xəzər dənizini ruslara satdığını və ya güzəştə getdiyini iddia edirlər. Həmin şəxslər iddia edirlər ki, İranın Xəzər dənizindən payı ən azı 20 faiz olmalıdır, lakin rejim rusların himayəsini itirməmək üçün səhminin 10-11 faizə düşməsi ilə razılaşıb.

 

Həmçinin son günlər bəzi media orqanlarında, eləcə də sosial şəbəkələrdə yayılan məlumatlarda, İran rəhbərliyi ölkənin cənubunda olan Çabahar və Buşehr limanlarını rusların ixtiyarına verməyə zəmin yaratmaqda, körfəzdə isə balıqçılıq hüququnu çinlilərə verməkdə və bununla da ölkəyə xəyanətdə günahlandırılırlar.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN