Zərif təyyarənin vurulmasına münasibət bildirdi: “Dərin təəssüf hissi keçiririk”

Zərif təyyarənin vurulmasına münasibət bildirdi: “Dərin təəssüf hissi keçiririk”

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarın 11-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasına münasibət bildirib.

 

Öz yazısında təyyarənin vurulması ilə bağlı yol verilən “səhv”i Amerikanın İrana qarşı macəraçılığı ilə əlaqələndirməyə çalışan Zərif, baş vermiş faciəyə görə, hadisə qurbanlarının ailələrindən üzr istəyib: “Qəmli və kədərli bir gün. İran Silahlı Qüvvələrinin təyyarə qəzası ilə bağlı apardığı araşdırmanın ilk nəticələri: Amerikanın ölkəmizə qarşı macəraçılığı ucbatından yaranmış böhran şəraitində yol verilən bir səhv faciəyə səbəb olub.

 

Biz, təyyarə qəzasının qurbanlarının, o cümlədən də digər millətlərdən olan hadisə qurbanlarının ailə üzvlərinə başsağlığı verir, baş vermiş olaydan dərin təəssüf hissi keçirdiyimizi bildirir, onlardan üzr istəyirik” –deyə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin “Twitter”də paylaşdığı yazısında bildirilir.

 

Qeyd edək ki, İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib. Bu barədə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanatla çıxış edərək, təyyarənin səhvən düşmən hədəfi kimi nəzərə alınaraq vurulduğunu bildirib.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşlarıdır.. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN