Zimbabve ordusu hakimiyyətə nəzarəti ələ alıb

Zimbabve ordusu hakimiyyətə nəzarəti ələ alıb

GünAz TV: Srağagün gecə Zimbabvenin paytaxtı Harareyə qoşun yeridilmiş, şəhərdə üç güclü partlayış baş vermişdir. Ölkə Prezidenti Robert Muqabenin iqamətgahının yaxınlığında atəş səsləri eşidilmişdir.

 

Hərbçilər televiziya mərkəzini ələ keçirmişlər. Xalqa müraciət edən general-mayor Sibusiso Moyo bildirmişdir ki, ordu müvəqqəti olaraq ölkədə nəzarəti öz üzərinə götürmüşdür. O qeyd etmişdir ki, Prezident sağ-salamatdır və təhlükəsiz yerdədir. Moyonun dediyinə görə, hərbçilər güclənən siyasi, sosial və iqtisadi böhrana son qoymaq, sonra isə hakimiyyəti mülki hökumətə təhvil vermək niyyətindədirlər.

 

News24 portalı xəbər verir ki, hərbçilər 1980-ci ildən bəri ölkəyə rəhbərlik edən 92 yaşlı Prezident Muqabeni və onun mühafizə dəstəsinin əməkdaşlarını girov saxlayırlar. Portalın mənbələrinin məlumatına görə, Muqabe istefaya çıxmağa hazırlaşır, həmçinin o, həyat yoldaşının ölkəni tərk etməsi barədə ordu rəhbərliyi ilə sazişə gəlmişdir.

 

Xatırladaq ki, noyabrın 13-də ölkənin vitse-prezidenti, hərbi komandanlığa yaxınlığı ilə seçilən Emmerson Mnanqaqva istefaya göndərildikdən sonra Zimbabve ordusunun baş komandanı Konstantino Çivenqa Muqabe hökumətini kəskin tənqid etmiş və hərbçilərin vəziyyətə  müdaxiləsi ilə hədələmişdi. Buna cavab olaraq hakim partiya Çivenqanı xəyanətdə ittiham etmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN