“2015-ci ildə “Traxtur”-“Neft” oyununda baş verən hadisə təkrar olunmamalıdır”- Azərbaycanlı millət vəkili

“2015-ci ildə “Traxtur”-“Neft” oyununda baş verən hadisə təkrar olunmamalıdır”- Azərbaycanlı millət vəkili

GünAz TV: Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi ötən həftə Rəştdə “Traxtur”-“Sepid rud” görüşündə baş verən hadisələrə növbəti dəfə münasibət bildirib.

 

Bu barədə jurnalistlərlə danışan millət vəkili vurğulayıb ki, “Traxtur”a qarşı edilən hərəkətlərə laqeyd qalınmamalıdır.

 

“Bir neçə gündür ki, Möhsün Fruzanın “Sepid rud”la bundan əvvəlki görüşlərdə oyunlarını izləyirəm. Təəccüb edirəm ki, “Traxtur” klubunun məsulları ona necə qapıçı kimi inanıblar! Bu məsələ mütləq araşdırılmalıdır. “Traxtur” görüşündə baş verən hadisəyə bundan əvvəl də rast gəlinib.”- deyə o bildirib.

 

Əhməd Əlirzabeygi mərcləşmə saytları ilə bağlı yayılan məlumatlara işarə edərək qeyd edib ki, belə bir vəziyyətdə hər şey baş verə bilər. Ona görə də olduqca mürəkkəb olan məsələnin həlli üçün məhkəmə orqanları müdaxilə etməlidir.

 

Milyonlarla futbol tərəfdarlarının etimadına xələl gəldiyini bildirən millət vəkili Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasına müraciət edərək onların ciddi şəkildə bu məsələyə müdaxilə etməsini tələb edib. Əhməd Əlirzabeygi həmçinin idman fraksiyasında olan bütün deputatlar, xüsusi ilə də azərbaycanlı millət vəkillərini bu məsələ ilə bağlı həssas olmağa və baş verən hadisənin aydınlaşdırılmasını tələb etməyə çağırıb.

“Gənclər və İdman Nazirliyi bilməlidir ki, bu, bütün əhalinin tələbidir. Elə olmalıdır ki, nazirlik millət vəkillərinin etirazından bu məsələnin nə qədər mühüm olduğunu dərk etsin. 2015-ci ildə “Traxtur”-“Neft” oyununda baş verən hadisənin bir daha təkrar olunmasına icazə verilməməlidir. Şübhəsiz ki, o məsələ də bir futbol hiyləgərliyi idi və zaman içində unuduldu.”- deyə o əlavə edib.

 

Əhməd Əlirzabeygi ötən günlərdə bu məsələ ilə bağlı gənclər və idman nazirinə etiraz məktubu da ünvanlayıb.

 

Qeyd edək ki, Möhsün Fruzan aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzdurub. Qapıçının komandasına xəyanət etdiyi artıq sübut olunub. “Mehr” xəbər agentliyi Futbol Federasiyasının Əxlaq Komitəsinə istinadən bu barədə xəbər yayıb. Məlumatda Möhsün Fruzanın adı çəkilməsə də dolayı yolla onun mərcə girərək komandasına xəyanət etdiyi və bunun nəticəsində milyardlar tümən məbləğində pul qazandığı qeyd olunub.

 

Möhsün Fruzan

 

Xatırladaq ki, 2015-ci il mayın 15-də İran üzrə futbol klublarının super liqa yarışlarının sonuncu həftəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşıb. Təbriz komandasının çempion olmasının qarşısını almaq məqsədi ilə İran Futbol Federasiyasının nəzarətçisi tərəfindən komandanın baş məşqçisinə yalan məlumat verilib. Bildirilib ki, “Sepahan”la “Saypa” komandalarının görüşünün nəticəsi 2:2-dir və bununla da “Traxtur” super liqanın qəti çempionudur. Yarışın son dəqiqələrində verilən yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücum taktikasını dəyişərək müdafiə taktikasına keçiblər. Yalan məlumat verilərkən stadionda internet və mobil telefonları da birdən-birə kəsilib və heç kim İsfahandakı oyunun nəticəsi barədə düzgün məlumat ala bilməyib. Təbrizdəki müsabiqə başa çatandan sonra “Traxtur” tərəfdarları çempion olduqlarını zənn edərək şənliyə başlayıb. Lakin bu sevinc yalnız 30 saniyə davam edib. Az sonra rəsmi tribunadan bildirilib ki, “Sepahan” 2:0 hesabı ilə “Saypa”nı məğlubiyyətə uğradaraq super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra həm stadionda, həm də Təbriz şəhərində geniş etiraz aksiyaları keçirilib, çox sayda etirazçı polis tərəfindən saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN