Avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb – Zəncan-Təbriz yolunda

Avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb – Zəncan-Təbriz yolunda

GünAz TV: Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. 

 

İranın Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Zəncan-Təbriz yolunda bir avtobusun yoldan çıxaraq aşması nəticəsində 1 nəfərin öldüyü və 31 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığını bildirib.

 

Bu barədə Muctaba Xalidi oktyabrın 26-da “İsna” xəbər agentliyinə məlumat verib.

 

“Bu gün sübh saat 5 radələrində Təcili Tibbi Yardım Mərkəzinə Zəncan-Təbriz avtobanında bir avtobusun aşdığı barədə məlumat daxil olub. Bundan dərhal sonra hadisə yerinə 10 ambulans göndərilib. Xoy şəhərindən Tehrana gedən avtobus Zəncan-Təbriz avtobanında qəza keçirib. Hadisə nəticəsində 31 nəfər yaralanıb, 71 yaşlı bir xanım isə həlak olub. Xəsarət alanlar xilasedicilər tərəfindən xəstəxanalara çatdırılıb”- deyə o bildirib.

 

Təcili Tibbi Yardım Mərkəzi ölən və yaralanan sərnişinlərin adlarını açıqlayıb. Qəza nəticəsində həlak olan xanımın adı Fatimə Təqəbludur.

 

Oxşar yol qəzaları Güney Azərbaycanın müxtəlif bölgələrində hər gün baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər  yolların qeyri-standard olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN