Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Ettelaat Nazirliyinin fəallara qarşı yalan ittihamları barədə xəbərdarlıq edib

Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Ettelaat Nazirliyinin fəallara qarşı yalan ittihamları barədə xəbərdarlıq edib

GünAz TV: Bir qrup Güney Azərbaycan Milli Hərəkatının fəalı bəyanat yayaraq Ettelaat Nazirliyinin fəallara qarşı yeni planı və onları şərləyərək məhkəmə qarşısına çıxarması barədə xəbərdarlıq edib.

 

“Azərbaycan Milli Hərəkatı fəallarının ölkə qanunları çərçivəsində fəaliyyət göstərdiyi hər kəsə aydındır. Lakin Ettelaat Nazirliyi rejimi son hadisələrdə tökülən qanlarla bağlı düşdüyü vəziyyətdən çıxartmaq üçün əsası olmayan ittihamlarla günahlandırılan müttəhimlər axtarır, bu şəkildə ictimaiyyəti aldatmağa çalışırlar.

 

Azərbaycan Milli Hərəkat fəalları uzun müddətdir ki, yalan ittihamlar və qondarma məhkəmə işi ilə üzləşir. Bu metod son etirazlar zamanı saxlanılan fəallara qarşı da tətbiq olunub. Onlar ağır işgəncələr altında öz əleyhinə ifadə verməyə məcbur edilir.

 

Qeyd etmək lazımdır ki, saxlanılan fəallar ümumiyyətlə yığıncaqlarda iştirak etməyib. Buna baxmayaraq onlar hardansa dollar almaq, silah almaq, təşkilatlara üzv olmaq və yazılı parça nümayiş etdirmək kimi uydurma ittihamlarla üzləşir. Bütün bunlar yalandır, ittihamlar məlum kanallar və Milli Hərəkata nüfuz etmiş adminlərin yaydığı məlumatlara istinadən irəli sürülür. Fəallar isə haqlı olaraq məhkəmə prosesində bütün ittihamları rədd edirlər.

 

Azərbaycanlı fəalların müqaviməti nəticəsində qondarma dosye quraşdırma işində müvəffəq olmayan Ettelaat Nazirliyi bu dəfə saxlanılan mədəni fəalların ailəsinə təzyiq göstərir, onları hədələyir. Bu isə hüquqi baxımdan işgəncə vermə göstərgəsidir. Ona görə də təzyiqlərə məruz qalan hörmətli ailələr məhkəmə orqanlarına şikayət edə bilər. Onlar şikayətlərinə baxılmadığı təqdirdə daxildə və xaric ölkələrdə fəaliyyət göstərən insan hüquqları qurumlarına da müraciət edə bilərlər.

 

Bütün bunları nəzərə alaraq Azərbaycan Milli Hərərəkatı fəalları ölkə qanunları və ümumdünya insan hüquqları bəyannaməsi çərçivəsində mədəni fəaliyyət göstərməyə təkid edərək xəbərdarlıq edir ki, məhkəmə və təhlükəsizlik orqanlarının bu hərəkəti onlar üçün heç bir nəticə verməyəcək. Əksinə, bu hərəkət türk milləti və azərbaycanlı mədəni fəalları daha da qəzəbləndirəcək, itirən yenə də rejimin özü olacaq. Ona görə də fəalların qanuni və insani tələblərinin təmin edilməsi rejimin özü üçün də məqsədə uyğundur.

 

Hal-hazırda son hadisələr zamanı saxlanılan və həbs olunan fəalların əsas tələbi onlara bəraət verilməsi və qeyd-şərtsiz sərbəst buraxılmasıdır. Əks halda, mədəni fəallar saxlanılan və həbs olunan fəalların ailə üzvləri ilə birlikdə sərbəst toplaşma hüququnu təmin edən konstitusiyanın 27-ci maddəsinə uyğun olaraq Ədliyyə İdarələrinin binası qarşısında etiraz yığıncaqları keçirəcəklər. Etirazlar nəticə əldə olunanadək davam edəcək.”- deyə bəyanatda qeyd olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN