Azərbaycan Süngün Mis Mədəni ilə bağlı aldadıldı – Vərziğanın millət vəkili

Azərbaycan Süngün Mis Mədəni ilə bağlı aldadıldı – Vərziğanın millət vəkili

GünAz TV: Süngün Mis Mədənində əldə olunan qazancla bağlı Azərbaycan əhalisinin İran rejimi tərəfindən aldadıldığını iddia edən yerli məsulların sayı artır.

 

Şərqi Azərbaycan Mədənlər Şurasının keçirdiyi iclasda iştirak edən yerli məsullardan bir neçəsi məhz bu mövzuya toxunub.

 

Vərziğanın İran parlamentindəki millət vəkili Rza Əlizadə mədənin potensial imkanlarına işarə edərək bildirib ki, “Süngün Mis Mədənində ildə təxminən 1300 milyard tümən dəyərində konsentrə satılır. Lakin bizə verilən hesabatda bu məbləğ hər zaman olduğundan az göstərilib.”

 

“2013-cü ildə bütün inkişaf layihələrini dayandırıb bir müstəqil şirkətə lisenziya verəcəklərini bildirdilər. Sonralar Azərbaycan Mis Molibden Mədən Sənayesi Şirkətinı təsis etdilər. Şirkət üçün formal olaraq 5 nəfərlik rəyasət heyəti də yaradıldı. Bu heyət bu günə qədər  hərhansı hesabat verməyib. Hesab edirəm ki, bu işlər əyalət əhalisi üçün böyük zülmdür”- deyə millət vəkili vurğulayıb.

 

R.Əlizadə Süngün Mis Mədəninin inkişaf layihələrinin dayandırılması ilə bağlı əlavə edib ki, “300 milyard tümən məbləğində vəsaitin xərclənməsinə baxmayaraq şirkət işləmə üsulunun dəyişdirilməsi bəhanəsi ilə uzun müddət tətil edildi. Nəhayət isə, Ticarət, Mədən və Sənaye nazirinin yanında elan etdilər ki, bu üsul mədəndə tətbiq olunarsa, o zaman Kirmanda xammal və konsentrə balansı pozular... .”

 

 

 

İclasda iştirak edən Şərqi Azərbaycan valisi Məcid Xudabəxş isə İran Mis Milli Şirkətindən Süngün misinin satışı ilə bağlı Vərziğanda bank hesabı açmasını tələb edib. O vurğulayıb ki, “bütün mədənlərin Təbriz vəya əyalətin digər şəhərlərində bank hesabları olmalıdır. Buna  bir qanun kimi hər kəs əməl etməlidir.”

 

Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi də oxşar açıqlama ilə çıxış edib. O bildirib ki, “əyalətin Mədən və Sənaye Təşkilatı, Polis İdarəsinin yardımı ilə xəbərdarlıq edildikdən 20 gün sonra əyalətdə bank hesabı olmayan mədən şirkətlərinin maşınlarını dayandırmalı, onlara yük daşımaq icazəsi verməməlidir.”

 

“Mədəndən əldə olunan gəlirin 15 faizi əyalətin abadlaşdırma işlərinə xərclənməlidir. Bu qanun icra olunarsa, bir çox tikinti layihələrinin icrası mümkün olar, yarımçıq qalan layihələrdə isə işlər yekunlaşar”- deyə Məhəmməd Hüseyn Fərhəngi bildirib.

 

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bundan öncə Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün Mis Mədəninə aid olduğunu bildirmişdir.

 

Qeyd edək ki, Güney Azərbaycanın hər tərəfi qiymətli daşlar, qızıl, mis, mineral sular, duz mədənləri, müxtəlif metallar və s. kimi yataqlarla zəngindir. Lakin mədənlərin kənarında emal fabriklərinin olmaması bəhanəsi ilə, əldə edilən məhsullar xammal şəklində İranın digər vilayətlərinə intiqal edilir. Bu isə mədənlərdən əldə olunan qazancın azərbaycanlılara nəsib olmaması dəməkdir. Bu vəziyyət yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN