Azərbaycanlı məsullardan Əli Yunisiyə tutarlı Cavab

Azərbaycanlı məsullardan Əli Yunisiyə tutarlı Cavab

GünAz TV: Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad prezident Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisinin antitürk açıqlamalarını kəskin pisləyərək vurğulayıb ki, sənin tutduğun vəzifə və mövqeyi biz sənə vermişik.

 

Bu barədə “Təbriz mən” saytında məlumat yayılıb.

 

“Qloballaşan dünyada öz dilində təhsil almaq istəyən bir qövmü müxtəlif ittihamlarla üz-üzə qoymaq, həmçinin ölkənin inkişafında qövmlərin hansı bölgədə yaşamasının rol oynaması çox gülüncdür. İran coğrafi bir məkan adıdır, qövm adı deyil. İran ölkədə yaşayan bütün qövmlərin və onun ərazi bütövlüyünü müdafiə edən hər kəsə aiddir”- deyə o bildirib.

 

M.Həsənnəjad, Ə.Yunisinin azərbaycanlıları fars kökənli olduğuna dair açıqlamasına da sərt cavab verib.

 

“Prezidentin etniklərin işi üzrə müşaviri olan bir şəxsin məlumatsızlıqdan və ya qərəzdən belə bir söz deməsi ölkədə milli birliyin kökünə balta vurur. Necə ola bilər ki, İranın qəhrəman və əsil türkləri 300 ilin mühacirləri adlandırılsın?! Onlar bilməlidilər ki, 520 il öncə bizim türk əcdadımız Şah İsmayıl Səfəvinin rəhbərliyi ilə İranda şiə məzhəbini rəsmi etdilər, elə bunun hesabına bu gün  ruhani paltarı geyib və vəzifədə təmsil olunurlar”- deyə millət vəkili vurğulayıb.

 

Ə.Yunisinin antitürk bəyanatlarına Culfanın imam cüməsi də kəskin reaksiya verib.

 

Bu barədə Höccətül-İslam Salar Səncəri Culfa şəhərinin cümə namazı xütbələrində danışıb.

 

S.Səncəri, Ə.Yunisini anlamaz adlandıraraq ona qarşı tədbir görülməsini tələb edib.

 

“Yunisi bilməlidir ki, əhali ruhani paltarı geymiş bir şəxsdən din və birliyə dəvət gözləyir, irqçilik yox. Hədis, Quran və dinin harasında başqalarının kimliyini inkar etmək var?! Bu adam üzərinə peyğəmbərin geyimini geyib, türklərin kimliyini inkar edir! Tarixi sənədlər göstərir ki, Azərbaycan millətinin dili min illərdir türk dili olub və belə də olacaq”- deyə o bildirib.

 

Azərbaycanlı imam cümə irqçiliyi sərt şəkildə qınayaraq bütün qövmlər və Qarabağ müsəlmanlarına salam göndərməyi də unutmayıb.


Onun çıxışını aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=4Ictg0b3Wvc

 

 

Qeyd edək ki, prezident Həsən Ruhaninin etniklər və dini azlıqların işi üzrə özəl köməkçisi Əli Yunisi aprelin 21-də antitürk mövqeyi ilə seçilən “Qanun” qəzetinə müsahibə verərər Azərbaycan türklərinin milli kimliyini inkar etmişdir.

 

O “Qövmçülük və fitnənin qarşısı alınmalıdır” başlığı ilə yayılan müsahibədə olduqca əsassız fikirlər səsləndirmişdir. “Türk ilə azəri arasında fərq qoyulmalıdır. Azərilər farslarla dildaş və soydaşdır. Onlar hətta bir çox bölgənin əhalisindən daha çox farsdır.

Azərilər kürdlərin əkiz qardaşıdır. Bu ikisi də madd (midiya) qövmüdür, onlar Əhəmənilərdən əvvəl bu torpaqları alıblar. Onların arasında qarşıdurma olub, lakin eyni ailədən olan etniklərdilər.

Azərbaycanda təxminən 300-400 ildir ki, türk dilində danışılır. Keçmişdə onların hamısı talışlar kimi söhbət ediblər”- deyə o bildirmişdir.

 

Türklər İranda davamlı olaraq rəsmi və qeyri-rəsmi şəxslər tərəfindən təhqirə məruz qalır, onların milli kimliyi isə bütövlükdə inkar edilir. Bu cərəyan bəzən azərbaycanlı vəzifəli şəxslərin də etirazına səbəb olur.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN