Azərbaycanlı millət vəkili parlamentdə Urmu gölü böhranı, ana dilində təhsil və türk nazirin təyin olunmasından danışıb – VİDEO

Azərbaycanlı millət vəkili parlamentdə Urmu gölü böhranı, ana dilində təhsil və türk nazirin təyin olunmasından danışıb – VİDEO

GünAz TV: Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi parlamentdə Azərbaycana aid bir neçə önəmli məsələyə toxunub.

 

Oktyabrın 10-da parlamentdə danışan millət vəkili ölkə prezidenti Həsən Ruhanini seçkiqabağı təbliğat-təşviqat dönəmində verdiyi vədləri yerinə yetirməyə çağırıb.

 

“Urmu gölündə vəziyyət heç yaxşı deyil. Bu göl bir zamanlar bölgəyə xüsusi səfa bəxş edərdi. Lakin indi həyat və gözəllik ondan alınıb. Cənab Ruhaninin hökuməti öz səyini əsirgəməsin, yarıcan gölə yenidən can versin. Urmu gölü ölüm halındadır, lütfən onun canlandırılmasına büdcə vəsaiti ayırın”- deyə millət vəkili prezident Həsən Ruhaniyə xitabən deyib.

 

Sözlərinin davamında ana dilinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrasını tələb edən Məsumə Ağapur Əlişahi nazirlər kabinetində ən azı bir qadın, bir türk və bir sünni məzhəbinə mənsub şəxsi görmək istədiyini bildirib.

 

Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Nazirlər kabinetində türk nazirlərin olması Azərbaycan türk millətinin ictimai tələblərindən biridir. Hazırda nazirlər arasında türk yoxdur, 3 nazirdən başqa digər nazirlərin hamısı farsdır.

 

Millət vəkili parlamentdə çıxışı zamanı təmsil etdiyi məntəqədə yaşanan çatışmazlıqları sadalayaraq problemlərin aradan qaldırılmasını təkidlə tələb edib.

 

İran prezidenti Həsən Ruhani seçkiqabağı təbliğat-təşviqat dönəmində Azərbaycan türk millətinə Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı vəd verib, lakin aradan 5 ildən çox vaxt keçməsinə baxmayaraq verilən vədlərin heç biri yerinə yetirilməyib. Azərbaycan əhalisi ilə yanaşı bəzi millət vəkilləri prezidentə dəfələrlə verdiyi vədləri xatırladıb və bu məsələyə öz etirazlarını bildiriblər, lakin edilən etirazlara bu günə qədər məhəl qoyulmayıb.

 

Video:

https://www.youtube.com/watch?v=3gXwZdphiyc

 

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN