Azərbaycanlı millət vəkili: Şagirdlər arasında narkotik maddə istifadəsində yaş həddi 13-ə düşüb

Azərbaycanlı millət vəkili: Şagirdlər arasında narkotik maddə istifadəsində yaş həddi 13-ə düşüb

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmayıl Səidi ölkədə şagirdlər arasında narkomaniyanın geniş yayılması və narkotiklərə aludə olanların yaş həddinin daha aşağı düşməsi barədə həyəcan təbili çalıb.

 

“Təbriz Bidar” saytının yaydığı məlumata görə, millət vəkili şagirdlər arasında narkotik maddə istifadəsində yaş həddinin 13-ə düşdüyünü bildirərək səlahiyyətli orqanları önləyici tədbirlər almağa çağırıb.

 

“Yalnız məktəblərin ətrafı deyil, bütün şəhərlərdə narkotik maddələri satıcıları və şəhərdə ad çıxarmış narkotik aludəçiləri toplanmalı və müalicə mərkəzlərinə göndərilməlidir. Bunun üçün Polis İdarəsinin şəhərə nəzarəti gücləndirməsi lazımdır.

Narkotik aludəçiləri şagirdlər üçün böyük təhlükə hesab olunur. Onların toplandıqdan sonra bir daha küçə-bacada görünməməsi üçün səlahiyyətli orqanlar bir-bir ilə koordinasiyalı şəkildə hərəkət etməlidir. Şəhərdə yayılan narkotik maddələrinin əsas hissəsi onlar tərəfindən satılır”- deyə millət vəkili vurğulayıb.

 

Məhəmməd İsmayıl Səidi narkoman yeniyetmələrin müalicəsi üçün xüsusi mərkəzlərin olmadığını da kəskin tənqid edib. O bildirib ki, “Artıq şagirdlər arasında narkotik maddə istifadəsində yaş həddi 13-ə düşüb. Şübhəsiz ki, bu məsələdə ailələr diqqətli olmalıdır, onlar övadlarının tərbiyəsində böyük məsuliyyət daşıyır. Təəssüflər olsun ki, məktəblərdə də bu problemə qarşı hər hansı tədbir alınmır. Hesab edirəm ki, problemin qarşısını əsasən önləyici tədbirlərlə almaq mümkündür, bu istiqamətdə yeni tədbirlərə ehtiyac var.”

 

Parlamentin Mədəniyyət Komissiyasının rəisi narkotikə qarşı mübarizənin bu günə qədər səmərəli olmadığını vurğulayaraq prosesə yenidən baxılmasını tələb edib.

 

İranda fərdi və ictimai azadlıqların həddindən artıq məhdud olması, həmçinin işsizlik və yoxsulluq kimi kütləvi problemlər cəmiyyətdə narkomaniya, depressiya, intihar, yersiz dava və boşanma hallarının artmasına səbəb olub, bu vəziyyət getdikcə pisləşir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN