“Bizim ürəyimiz əsgərlərimizi şəhid edən terrorçularamı yanır?!” – Güney azərbaycanlı millət vəkili

“Bizim ürəyimiz əsgərlərimizi şəhid edən terrorçularamı yanır?!” – Güney azərbaycanlı millət vəkili

GünAz TV: Türkiyənin Suriyanın şimalında başlatdığı antiterror əməliyyatı Güney Azərbaycan əhalisi və bəzi yerli məsullar tərəfindən dəstəkləndiyi halda hökumətə sıx bağlı olan bir sıra millət vəkillərinin etirazına səbəb olub.

 

Culfa və Mərənd şəhərlərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad Suriyanın şimalındakı terrorçulara dəstək verənləri pisləyən məsullardandır.

 

O parlamentdəki çıxışında kürd terror qruplaşmalarının tərəfdarlarına kəskin xəbərdarlıq edib.

“Biz dünənədək terrorçu adlandırdığımız qüvvələrəmə çevrildik?! Bura İran İslam Şurası Məclisidir yoxsa Suriya kürdlərinin məclisi?!

Terrorçu qruplara dəstək verən millət vəkilləri şəhid ailələrinin narahatlığına səbəb olub. Parlamentin kürd deputatları “kürd milləti”ndən bəhs edir. Bu bölücülük deməkdir! Millət konkret sərhədlərin daxilində yaşayan əhalidən ibarətdir.”- deyə o bildirib.

 

M.Həsənnəjad söhbətinin davamında İranın son vaxtlaradək PKK/PYD qruplaşmalarını terrorçu adlandırdığına işarə edərək vurğulayıb ki, “biz dünənədək deyirdik ki, terrorçular bizim əsgərlərimizi şəhid edir. İndi həmin terrorçular bizim üçün məzlum bir qrupa çevrilib, bizim terrorçularamı bu qədər ürəyimiz yanır?! Şübhəsiz ki, bu yanaşma qəbuledilməzdir.”

 

Dünən oktyabrın 14-də isə “Sepah”a yaxınlıqları ilə tanınan millət vəkilləri bəyanat yayaraq Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatını kəskin şəkildə qınayıblar.

 

Bir qrup millət vəkili isə Suriyanın şimalındakı terrorçulara dəstək məqsədi ilə açıq məktub yazıb. Məktub hökumətə sıx bağlı olan bir neçə sözdə azərbaycanlı millət vəkili tərəfindən də imzalanıb. Onların kimliyi bundan ibarətdir:

Şəhruz Bərzgər (Salmas), Eynulla Şərifpur (Makı, Poldəşt, Şot və Çaldıran), Humayun Haşimi (Qoşaçay, Şahindej və Tikantəpə), Tağı Kəbiri (Xoy və Çaypara), Məhəmməd İsmail Səidi (Təbriz, Azərşəhr və Üskü), Quliulla Qulizadə (Kəleybər, Xudafərin, Hurand), Salman Xudadadi (Məlikan), Ziyaulla Ezazi Məleki (Binab) və Məhəmməd Hüseyn Fərhəngi (Təbriz, Azərşəhr və Üskü).

 

 

Deputatların kürd terror qruplaşmalarına dəstək verməsi Güney Azərbaycan əhalisinin kəskin etirazı ilə qarşılanıb, Bu məsələ sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunur.

 

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN