BMT-nin baş katibi Antonio Quterreşdən Güney Azərbaycanda insan hüquqlarının pozulmasına dair HESABAT

BMT-nin baş katibi Antonio Quterreşdən Güney Azərbaycanda insan hüquqlarının pozulmasına dair HESABAT

GünAz TV: BMT-nin baş katibi Antonio Quterreş İranda insan hüquqlarının pozulmasına dair hesabatını Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasına təqdim edib.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti tərəfindən yayılan məlumata görə, sentyabrın 24-də keçirilən BMT Baş Assambleyasının sessiyasında bir neçə ölkə başçısı, o cümlədən İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak edib.

 

Antonio Quterreş hesabatda İranda milli və dini azlıqların hüquqlarına geniş yer verib. O azlıqlara qarşı qanunda və əməldə tətbiq olunan ayrı-seçkilikləri tənqid edib.

 

Hesabatda Güney Azərbaycanda dövlət tərəfindən 123 milli-mədəni fəalın həbs edilməsinə də işarə olunub.

 

“Həbs olunanlardan biri tanınmış azərbaycanlı fəal cənab Abbas Lisanidir, O bir neçə aydır ki, həbs edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə Ali Komissarına hələ də Azərbaycan türklərinin məktəblərdə öz ana dilində təhsil ala bilmədiyi haqda məlumat daxil olur. Bu manelər ərəb, bəluç, kürd və digər etniklər üçün də mövcuddur.

İran dövləti universitetlərdə Azərbaycan türkcəsi, həmçinin kürd və ərəb ədəbiyyatının tədris olunduğunu elan edib.”- deyə baş katib bildirib.

 

Hesabatda İranda uşaqların edam edilməsi, özbaşına saxlamalar, erkən nikah, narkomaniya, əlillərin hüquqları, qadın hüquqları, ətraf mühit, fəhlələrin durumu, işsizlik, kütləvi etirazlar və insan hüquqları ilə bağlı olan digər məsələlərə işarə olunub.

 

BMT-nin baş katibi hesabatının 3-cü bölümündə İrandan 2013, 2014 və 2018-ci illərdə təxirə salınan hesabatların BMT-yə təqdim olunmasını tələb edib. Hesabatlar irqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı beynəlxalq konvensiya, həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt və bu kimi mövzularla bağlıdır.

 

Antonio Quterreş İran dövlətini konkret olaraq BMT-nin tələblərinə uyğunlaşmağa, beynəlxalq konvensiyalara riayət etməyə və irəli sürülən tələblərlə bağlı izahat verməyə çağırıb.

 

Hesabatın müxtəlif bölümlərində İranda milli və dini azlıqların hüquqlarının təmin olunmadığı vurğulanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN