Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

GünAz TV: Bu gün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

 

Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.

 

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya (Otriş), İsveçrə (Suis) və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya (Otriş), Macarıstan, Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ) və digər ölkələrin qadınlarının öz həmrəylik gününü məhz bu tarixdə qeyd etməsindən sonra ənənə halını aldı.

 

Həmin vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də (Şurəvi) 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

 

8 Mart - Beynəlxalq Qadınlar günü əksər ölkələr kimi Azərbaycan Respublikasında da qeyri-iş günü elan olunub.

 

Çox təəssüflər olsun ki, belə bir gündə Güney Azərbaycanda yaşayan qadınların problemlərinə işarə etməmək mümkün deyil.

 

Azərbaycan Türk qadını öz müdrikliyi, mübarizliyi və ləyaqəti ilə Azərbaycan tarixinin hər bir mərhələsində parlaq səhifələr yaradıb. Bu bir həqiqətdir ki, ən çətin şəraitdə belə tariximizin, mədəniyyətimizin, milli-əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin və xüsusilə də dilimizin bu günədək qorunub saxlanılmasında analarımızın rolu danılmazdır. Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da , İran rejiminin zülmü altında yaşayan qadınlara qarşı aşağılayıcı münasibət mövcuddur və qadınlara qarşı bu yanaşma bütün ictimai-siyasi münasibətlərdə özünü təzahür etdirir. Bunun nəticəsidir ki, hələ də Güney Azərbaycanda Azərbaycan türk qadınları milli və cinsi ayrı-seçkiliyə məruz qalaraq bir çox hüquq və azadlıqlarından məhrum olunublar.

 

Bütün bu çətinliklərə baxmayaraq bu gün Güney Azərbaycanda aparılan milli mübarizədə Azərbaycan Türk qadını özünün əhəmiyyətli rolunu və təsirini dərk edərək, milli məfkurə və azadlığımız uğrunda mübarizə aparmaqdadır.

 

Güney Azərbaycan Televiziyası olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə başda Güney Azərbaycan olmaqla dünyada yaşayan bütün azərbaycanlı qadınları təbrik edir, onlara hər zaman bahar təravətlilə yanaşı ailə səadəti arzulayırıq.

 

HÖRMƏTLİ QADINLAR BAYRAMINIZ MÜBARƏK OLSUN!

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN