Çaldıranda heç bir sənaye və istehsal müəssisəsi yoxdur – İcra Hakimiyyəti başçısı

Çaldıranda heç bir sənaye və istehsal müəssisəsi yoxdur – İcra Hakimiyyəti başçısı

GünAz TV: Qərbi Azərbaycan Əyalətində yerləşən Çaldıran şəhərinin İcra Hakimiyyəti başçısı təmsil etdiyi şəhərin müxtəlif problemlərini sadalayıb.

 

Kərim Hüseynzadə bu barədə noyabrın 19-da Çaldıran şəhəri İdarə Şurasının keçirdiyi tədbirdə çıxış edib.

 

Prezidentin müşaviri və Azad Ticarət Məntəqləri Ali Şurasının katibi Murtaza Bankın da qatıldığı tədbirdə Azərbaycan şəhərinin diqqətdən kənarda qaldığı vurğulanıb.

 

“Çaldıranda çoxlu qiymətli metal və daş mədənləri mövcuddur. Buna baxmayaraq bölgədə heç bir istehsal və emal müəssisəsi yoxdur və əhali bu imkanlardan bəhrələnə bilmir”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyəti başçısı həmçinin vurğulayıb ki, Çaldıran savadsızlıq səviyyəsinə görə ölkə üzrə birinci yerdədir. Dövlət bu sahəyə də xüsusi diqqət yetirməlidir.

 

“Çaldıranın 45 mindən çox əhalisi var, bu bölgə su hövzəsində yerləşir. Lakin bölgədə su bəndi yoxdur. Ölkənin heç bir məntəqəsi iqlim şəraitinə görə Çaldıranla müqayisə oluna bilməz. Bu şəhərin kartofu ölkənin ən keyfiyyətli kartofları sırasında olduğu halda, bizim çips fabrikimiz yoxdur və bu səbəblərə görə gənclərimizin əksəriyyəti işsizdir”- deyə o sözlərinin davamında əlavə edib.

 

Çaldıranda sərhəd keçid məntəqəsinə ehtiyac olduğunu deyən Kərim Hüseynzadə qeyd edib ki, bu şəhərin 70 sərhədyanı kəndi var və bütün kəndlərdə işsizlik hökm sürür. Şübhəsiz ki, gənclər işsız qaldıqları üçün qaçaqmalçılığa üz tutur və bir çox problemin kökündə  məhz işsizlik dayanır.

 

Şəhər İcra Hakimiyyəti başçısı sözlərinin arasında son illərdə Çaldıranda 22 kəndə qaz verildiyini, hal-hazırda 30 kənddə qazlaşdırma işlərinin getdiyini diqqətə çatdırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN