Çaldıranın Qarakilsəsində ermənilərin növbəti yığıncağı

Çaldıranın Qarakilsəsində ermənilərin növbəti yığıncağı

GünAz TV: Qərbi Azərbaycan əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə hər il dünya ermənilərinin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib.

 

Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Cəlil Cabbari jurnalistlərə açıqlamasında iyulun 12-dən 14-dək Qarakilsə kilsəsində ermənilərin toplaşmasından danışıb.

 

“Kilsəyə toplaşanlar 3 gün ərzində müxtəlif dini ayinlərini icra edirlər. Bu il mərasim iştirakçıları üçün daha çox imkan yaradılıb və müxtəlif xidmətlər təşkil olunub. Ərazidə Səyyar Tibb Mərkəzi, yanğınsöndürmə texnikası və qida məhsulları satış mərkəzlərinin təşkil edilməsi, həmçinin səhiyyə və xilasetmə qruplarının əraziyə cəlb olunması, içməli su və elektrik enerjisinin təmininə xüsusi diqqət yetirilməsi, mərasim iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və s. görülən işlər sırasındadır”- deyə o bildirib.

 

C.Cabbari mərasim iştirakçılarına müxtəlif xidmətlər göstərmək üçün əraziyə əlavə 100 nəfərin cəlb olunduğunu da diqqətə çatdırıb.

 

Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi builki yığıncağın Qarakilsə kilsəsində keçirilən 64-cü illik mərasim olduğunu deyib.

 

Hökumət rəsmisi mərasimin hansı orqanların icazəsi və dəstəyi ilə keçirildiyi barədə heç bir məlumat verməyib. Lakin ötən illərdə mərasimin Azərbaycan Erməniləri Xəlifəliyi, İran Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə koordinasiya edilmiş bir şəkildə İran təhlükəsizlik orqanlarının rəsmi icazəsi ilə keçirildiyi açıqlanmışdır.

 

Qeyd edək ki, ermənilər İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Halbuki, İran Konstitusiyasının 15-ci maddəsinə görə, bu hüquqlar bütün milli azlıqlara aiddir. Ermənilər İranda rahat şəkildə öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər.

 

Ermənilər Qarakilsədə o halda istədikləri mərasimi keçirir ki, elə Qarakilsənin yerləşdiri Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmir. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.

 

İran rejiminin Azərbaycanla Ermənistan arasındakı münaqişədə sərgilədiyi mövqe də onun ermənilər və Azərbaycan türklərinə olan münasibətini açıq-aşkar nümayiş etdirir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN