Daha iki azərbaycanlı millət vəkili təhsil nazirinə etiraz bildirib – VİDEO

Daha iki azərbaycanlı millət vəkili təhsil nazirinə etiraz bildirib – VİDEO

GünAz TV: İranın təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars dillərinə qarşı səsləndirdiyi fikirlər bir çox  etirazlara səbəb olub.

 

Bu barədə Binab şəhərinin millət vəkili Ziyaolla Ezazi bazar günü parlamentdə çıxış edərək nazirdən üzr istəməsini tələb edib.

 

“Təhsil nazirinə ikidilli bölgələr haqda səsləndirdiyi fikirlər barədə xəbərdarlıq edirəm. Nazir bu açıqlamasına görə üzr istəməlidir, əks halda biz millət vəkilləri olaraq  qanun çərçivəsində lazımi tədbirləri alacayıq”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Ziyaolla Ezazi

 

Z.Ezazi ölkənin təhsil sistemindəki problemlərə də işarə edib. O bildirib ki, “Təhsil sahəsində islam inqilabının ideyalarından uzaqlaşmışıq. Məktəblər sözün əsl mənasında fərqlənir. Pulu olan yaxşı məktəblərdə oxuyur, olmayanlar isə belə imkandan məhrumdur. Bu vəziyyət dəyişməlidir”- deyə o vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=28&v=bwN6eE53e_Y

 

 

Təhsil nazirinə etiraz bildirən millət vəkillərindən biri də Ərdəbil, Nəmin, Nir və Səreynin İran parlamentindəki millət vəkili Südeyif Bədridir.

 

Bu barədə “Fars News” xəbər agentliyinə danışan millət vəkili təhsil nazirinin açıqlamasını çiy söhbət adlandırıb.

 

“Təhsil naziri son günlərdə yerli dillərin məktəblərdə tədris olunmasını təhlükəli adlandırıb, bu barədə bəzi sözlər dilə gətirib. Bu məsuliyyətsiz açıqlama həm qanun baxımından, həm də elmi cəhətdən çox məntiqsizdir.

Hazırda ölkə, xarici düşmənlərin müxtəlif ssenariləri və daxildəki bir sıra məsulların yanlış idarəçilik problemi ilə üz-üzədir. Belə bir vəziyyətdə çiy sözlərlə çıxış edənlər, nifaq salan qüvvələrlə birlikdə ölkədəki birliyə zərbə vururlar”- deyə millət vəkili bildirib.

 

Südeyif Bədri

 

Südeyif Bədri sözlərinin sonunda vurğulayıb ki, “biz əhalinin nümayəndəsi kimi bu məsələni araşdırırıq. Təhsil naziri millət vəkillərinin qarşısında cavab verməlidir.”

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına müxtəlif formalarda etiraz bildiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN