Ərdəbil Ədliyyə İdarəsinin rəis müavini: “Qızlar alkollu içki qəbul etməkdə oğlanları üstələyib”

Ərdəbil Ədliyyə İdarəsinin rəis müavini: “Qızlar alkollu içki qəbul etməkdə oğlanları üstələyib”

GünAz TV: Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin cinayətlərə qarşı önləyici tədbirlər məsələləri üzrə rəis müavini təmsil etdiyi əyalətdə alkollu içki qəbul etməkdə qızların oğlanları üstələdiyini bildirib.

 

Bu barədə Yusif Xudadadi Ədliyyə İdarəsinin qaçaqmalçılığa qarşı İşçi Qrupunun keçirdiyi iclasda danışıb.

 

“Alkollu içkilərin əhali arasında, xüsusi ilə də mərasim, qonaqlıq və şənliklərdə geniş yayılması ciddi problemə çevrilib. Artıq içkinin haram olması məsələsi də unudulub.”- deyə o bildirib.

 

Yusif Xudadadi içkinin əhali arasında geniş yayılmasında səlahiyyətli orqanları günahlandırıb. O bildirib ki, səlahiyyətli orqanlar bu istiqamətdə gəncləri maarifləndirə bilməyib, onların hidayət edilməsində öz məsuliyyətlərini yerinə yetirməyiblər.

 

“Toplumda alkollu içkini əldə etmək çox rahat məsələyə çevrilib. Bu qəbuledilməzdir. Ötən il içkidən 121 nəfər zəhərlənərək xəstəxanalıq oldu, onlardan 4 nəfəri Meşginşəhrdə (Xiyav) həyatını itirdi. Cari ildə ötən ilə nisbətən alkollu içkilər 50 faiz artıb. İçki qaçaqmalçılığı və istehsalının bu qədər artması Ərdəbilə yaraşmır. Səlahiyyətli şəxslər bu istiqamətdə lazımi tədbirləri görməlidir.”- deyə Ədliyyə İdarəsinin rəis müavini əlavə edib.

 

Qeyd edək ki, İranın bütün bölgələrində rejimin ideologiyasından irəli gələn qadağalara riayət edilmir, gənclər hər bir fürsətdən istifadə edərək bütün qadağaları aşmağa çalışır. Bunu ölkənin yüksək rütbəli rəsmi şəxsləri də dəfələrlə etiraf edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN