Ərdəbil əhalisinin 18 faizi şəhər həndəvərində yaşayır

Ərdəbil əhalisinin 18 faizi şəhər həndəvərində yaşayır

GünAz TV: Güney Azərbaycanda yoxsulluqdan şəhərlərə üz tutan kənd əhalisi, şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşmağa məcbur olur. Bu proses bir sıra ictimai və mədəni problemlərə yol açır.

 

 Bu hadisədən əziyyət çəkən şəhərlərdən biri də Azərbaycanın Ərdəbil şəhəridir.

 

“Gənc müxbirlər klubu” xəbər agentliyinin yaydığı məlumata görə, Ərdəbil Valiliyinin ictimai və mədəni məsələlər üzrə bölümünün rəisi Şəfi Şəfii təmsil etdiyi şəhərin sözügedən problemi haqda bəzi məsələlərə toxunub.

 

Valilik rəsmisi hazırda Ərdəbil əhalisinin 18 faizinin şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşdığını bildirərək bu rəqəmin ölkənin orta hesabından çox olduğunu diqqətə çatdırıb.

 

“Şəhər həndəvərindəki qeyri-rəsmi yaşayış məntəqələri böyük şəhərlər üçün bir çox problem yaradır. Bu məsələ cəmiyyətdə müəyyən mədəni problemlərin yaranmasına da səbəb olur. Hökumət bu problemi aradan qaldırmaq üçün müəyyən layihələr üzərində işləyir. Layihələr icra olunarsa, bir çox məsələ öz həllini tapacaq”- deyə o qeyd edib.

 

Şəfi Şəfii sözegedən məntəqənin problemlərinin aradan qaldırılması üçün xüsusi komitə təşkil olunduğunu və komitəyə xüsusi büdcə vəsaiti ayrıldığını bildirib. O qeyd edib ki, yeni təsis olunan komitə “Mühəqqiq Ərdəbili” Universitetinin yardımı ilə ictimai və mədəni problemləri araşdıracaq və məsələnin həlli istiqamətində tədbirlər alacaq.

 

Qeyd edək ki, şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşma məsələsi uzun illərdir ki, müzakirə mövzusudur. Güney Azərbaycanın əksər şəhərləri, xüsusi ilə də əyalət mərkəzləri bu problemdən əziyyət çəkir. Problemin aradan qaldırılması ilə bağlı dəfələrlə söz verilib, hətta konkret layihələrin nəzərdə tutulduğu elan olunub. Bütün bunlara baxmayaraq problemin həlli istiqamətində hər hansı addım atılmayıb və verilən vədlər yerinə yetirilməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN